Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Abdullazadə Həsənağa Şakir oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

02 oktyabr 2023 | 16:11
02 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Abdullazadə Həsənağa Şakir oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini deputat Adil Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Abdullazadə Həsənağa Şakir oğlu 9 mart 1993-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999-2007-ci illərdə R.Bədəlov adına 9 saylı Lənkəran şəhər orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində almışdır. Ali məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurmuşdur. 2017-ci ildən baş-leytenant hərbi rütbəsi ilə xidmətini davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin baş-leytenantı olan H.Abdullazadə 2020-ci il sentyabrin 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, daha sonra Ağdərə və Kəlbəcər istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. 2 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində hakim yüksəkliyin ələ keçirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Nəşi uzun müddət tapılmamışdır. Nəhayət 14 yanvar 2021-ci ildə nəşi tapılaraq II Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər