Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əsgərli Tural Ələmdar oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

03 oktyabr 2023 | 16:46
03 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əsgərli Tural Ələmdar oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.Əsgərli Tural 20 aprel 1993-cü ildə Naxçıvan MR Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1999-2007-ci illərdə Qıvraq qəsəbəsinin tam orta məktəbində, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil almışdır. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirmişdir. 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Qazax rayonunda yerləşən "N" saylı hərbi hissənin ön cəbhəsində, tağım komandiri olaraq leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür. 2018-ci ildən Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsinin ön cəbhəsində bölük komandiri olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Əsgərli Tural 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatlarında  iştirak etmişdir. Müharibənin ilk günlərində 3 əsgəri ilə düşmənin 2 postunu ələ keçirmişdir. Əsgərli Tural oktyabr ayının 1 də Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Oktyabr ayının 3-də Bakıda II “Şəhidlər Xiyabanı”nda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Keçidlər