Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İbrahimli Məhəmmədəli Mütəllim oğlunun doğum günü münasibətilə anım tədbiri keçirildi

22 noyabr 2023 | 16:10

22 Noyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi İbrahimli Məhəmmədəli Mütəllim oğlunun doğum günü münasibətilə anım tədbiri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu rayon Gənclər və İdman Baş İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu gənclər evinin direktoru Kamil Yaqubov, şəhidin təhsil aldığı       215 №-li məktəbin müəllim və şagird kollektivi, şəhidin təhsil aldığı universitetlərin müəllim kollektivi, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak etmişdir.

İbrahimli Məhəmmədəli Mütəllim oğlu 1996-cı il noyabrın 22-də Beyləqan rayonunda anadan olmuşdur. Əslən Füzuli rayonunun Cuvarli kəndindəndir. Orta təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 215 №-li tam orta məktəbdə almışdır. 2014-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olmuşdur. Cihazqayırma mühəndisliyi ixtisasını bitirən Məhəmmədəli 2018-ci ildə magistr təhsili üzrə Azərbaycan Texniki Universitetinə daxil olur. Qaydasız döyüş üzrə 2 dəfə Azərbaycan Çempionu olmuşdur.  Fiziki və fərdi bacarığı sayəsinde maneələrin öhtəsindən gəldiyinə görə 1-ci yerə layiq görülmüşdür. "Bakı 2015" ilk Avropa Oyunlarının təşkili və keçirilməsində iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşdur.Təhsil sahəsində bir çox uğurlar qazanmış və sertifikatlar əldə etmişdir. 2020-ci il yanvar ayında “Socar”  və "Nitel Teknoloji Mühəndislik A.Ş" Şirkətinin Azərbaycan flialında elektrik mühəndisi kimi çalışmağa başlamışdır. 2020-ci ilin iyunun 7-də Füzuli şəhər Hərbi Komissarlığı tərəfindən Həqiqi Hərbi Xidmətə çağırılaraq Goranboy rayonu N sayli Hərbi Hissədə kəşfiyyatçı əsgər olaraq Milli Ordu sıralarında xidmət etmişdir. Daha sonra xidmətə Tərtər rayonunda kəşfiyyatçı əsgər olaraq davam etmişdir. Sentyabrın 27-də düşmənin əks hücumu nəticəsində başlanan müharibənin ilk günlərində Tərtər, Talışkənd və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etmişdir. Oktyabrın 3-ü Suqovuşanın alınması uğrunda gedən ağır döyüşlərdə iştirak etmiş, qolundan və ayağından yaralanmışdır. Buna baxmayaraq 3 yaralı və bir şəhid əsgər yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilmişdir. Döyüşdən sonra yaralarının sağalması üçün 15 günlük Bərdə rayon diaqnostika xəstəxanasına yerləşdirilmisdir. Lakin 3 gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır. Oktyabrın 13-ü Ağdərə istiqamətində yerləşən düşmən postuna kəşfiyyat bölüyü ilə birlikdə hücuma keçmişdir. Döyüş yoldaşlarının şəhid olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edərək qumbara vasitəsi ilə düşmənin 20-dən çox əsgərini məhv etmiş və özü də qəhrəmancasına şəhid olmuşdur. 15 dekabr 2020-ci ildə Bakıxanov qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər