Vətən müharibəsi şəhidi Zahirov Nazim Həmzə oğlunun doğum günü münasibətilə anım mərasimi keçirildi
25 iyun 2026 | 12:05
25 iyun 2026-cı ildə Sabunçu rayonu, Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Zahirov Nazim Həmzə oğlunun doğum günü münasibətilə əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rauf Həsənov, Ramana bələdiyyəsinin sədri Çingiz Məmmədov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etdi.
Zahirov Nazim Həmzə oğlu 25 iyun 2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan oldu. O, 2018-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 nömrəli tam orta məktəbi, 2019-cu ildə isə Dövlət Dəmir Yol Liseyini bitirdi. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətə çağırıldı.
Vətən müharibəsi başlayan zaman xidmət etdiyi hərbi hissədən könüllü olaraq döyüşlərə qatıldı, Talış–Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdi. 1 oktyabr 2020-ci ildə Talış–Suqovuşan uğrunda gedən döyüşlər zamanı şəhid oldu. Şəhid Zahirov Nazim Həmzə oğlu 29 noyabr 2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olundu.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi igidlik və şücaətə, verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qüvvələrinin məhv edilməsində və qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.














