Vətən müharibəsi şəhidləri Abdullayev Tural Şakir oğlu və Şalıyev Ceyhun Nüsrət oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi
01 oktyabr 2025 | 12:41
01 Oktyabr 2025-ci il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Abdullayev Tural Şakir oğlu və Şalıyev Ceyhun Nüsrət oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin müavini Murad Cənnətov, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, məktəbin müəllim və şagird kollektivi, qəsəbə sakinləri iştirak etmişdir.
Tural Abdullayev 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. Doğulduğu ildən 1992-ci ilə qədər Abdullayevlər ailəsi Laçın şəhərində yaşamışdır. Tural Abdullayev 2008-2010-cu illərdə Xüsusi Təyinatlı Qüvvələrin Salyan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət etmişdir.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Tural Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Tural Abdullayev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Tural Abdullayev ölümündən sonra "Qarabağ" ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şalıyev Ceyhun Nüsrət oğlu 20.05.1994-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Rusiya Federasiyasının Voronej şəhərində almağa başlamışdır. 2009-ci ildən Bakıxanov qəsəbəsində yerləşən 94 №-li tam orta məktəbin 10-cu sinfinə qəbul olunmuş və 2011-ci ildə məktəbi bitirmişdir. 2011-ci ildə 600 bal yığaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdur. 2015-ci ildə Ali təhsilini başa vuraraq həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmət dövründə “Aprel döyüşləri”nin iştirakçısı olmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra 06.11.2017-ci il tarixindən 18.12.2019-cu il tarixinədək “Star Consulting Group” MMC-də, 19.12.2019-cu il tarixindən 01.10.2020-ci il tarixinədək “Azercell Telekom” MMC-də Bakı Əlaqə Mərkəz qrupunun təmsilçisi vəzifəsində işləmişdir. Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarında iştirak etmişdir. 30.09.2020-ci ildə Füzuli rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 01.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, medalları ilə təltif olunmuşdur.














