Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Abdullazadə Həsənağa Şakir oğlu və Adışov Qüdrət Rahim oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi

02 oktyabr 2025 | 15:18
02 oktyabr 2025-ci il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Abdullazadə Həsənağa Şakir oğlu və Adışov Qüdrət Rahim oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Abdullazadə Həsənağa Şakir oğlu 9 mart 1993-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999-2007-ci illərdə R.Bədəlov adına 9 saylı Lənkəran şəhər orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində almışdır. Ali məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurmuşdur. 2017-ci ildən baş-leytenant hərbi rütbəsi ilə xidmətini davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin baş-leytenantı olan H.Abdullazadə 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, daha sonra Ağdərə və Kəlbəcər istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. 2 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində hakim yüksəkliyin ələ keçirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Nəşi uzun müddət tapılmamışdır. Nəhayət 14 yanvar 2021-ci ildə nəşi tapılaraq II Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Adışov Qüdrət Rahim oğlu 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi bitirdikdən sonra 2016-ci ildə Bakı Biznes Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xüsusi qəhrəmanlıq göstərərək 28 sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər