Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-ın 30 illik yubileyinə həsr olunmuş ümumrespublika minifutbol üzrə turnirdə Bakı şəhəri üzrə I yer, respublika üzrə III yer qazanmış Sabunçu komandasının üzvləri ilə görüş keçirildi

07 noyabr 2022 | 12:46
06.11.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş ümumrespublika minifutbol üzrə turnirdə Bakı şəhəri üzrə I yer, respublika üzrə III yer qazanmış Sabunçu komandasının üzvləri ilə görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, YAP Sabunçu rayon təşkilatının sədr müavini, təşkilatın sədri vəzifəsini icra edən Zülfüqar Cəfərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və komanda üzvləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev komanda üzvlərini salamlayaraq onları qarşıdan gələn “8 noyabr - Zəfər Günü”, “9 noyabr - Dövlət Bayrağı Günü” və Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə təbrik etdi. Bildirildi ki, hazırda respublikada YAP-ın 30 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri olan ümumrespublika minifutbol üzrə turnirdə uğurla iştirak edən Sabunçu komandasının üzvlərini təbrik edən A.Vəliyev onların gələcəkdə keçiriləcək yarışlarda da fəal iştirak etməsini tövsiyə etdi. A.Vəliyev qeyd etdi ki, bu kimi turnirlərdə iştirak Ulu Öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə sadiqliyin nümunəsidir.
YAP Sabunçu rayon təşkilatının sədr müavini, təşkilatın sədri vəzifəsini icra edən Zülfüqar Cəfərov ümumrespublika minifutbol turniri barədə məlumat verərək bildirdi ki,  oktyabrın 15-dən start verilmiş minifutbol turnirində ümumilikdə respublikanın 76 rayon və şəhərindən 864 nəfər gənc iştirak edib. 12 qrupda mübarizə aparan 72 komandadan ibarət turnirin qrup və play-off oyunları Bakı, Sumqayıt, Qusar, Qəbələ, Mingəçevir, Goranboy, Tovuz, Lənkəran, Biləsuvar, Tərtər və Saatlı şəhərlərində keçirilib. Hər qrupdan 1 komanda olmaqla ümumilikdə 12 komanda play-off mərhələsinə vəsiqə qazanıb. Play-off mərhələsinin yekununda 3 komanda Bakı şəhərində keçirilən final oyunlarında iştirak şansı əldə edib. Yarışlarda qalib gələrək Bakı çempionluğunu qazanan Sabunçu komandası isə final mərhələdə də uğurlu oyun nümayiş etdirərək respublika üzrə III yerə layiq görülüb, diplom və medallarla təltif olunub. Z.Cəfərov YAP Sabunçu rayon komandasına göstərilən diqqət və etimada görə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbirin sonunda YAP Sabunçu rayon təşkilatının sədr müavini, təşkilatın sədri vəzifəsini icra edən Zülfüqar Cəfərov tərəfindən Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş ümumrespublika minifutbol üzrə turnirdə uğurla iştirak edən YAP Sabunçu komandasının forması Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə hədiyyə olundu.
Keçidlər