Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Sabunçu rayon təşkilatının 30 illik yubileyi qeyd edildi

28 fevral 2023 | 17:41
   28.02.2023-cü il tarixdə Bakı Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd edildi.
   İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
   Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etdi. Bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən 30 ildə  çətin və şərəfli yol keçib. Bu gün YAP ənənələri olan partiya, həmçinin nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. YAP  zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiyadır. Partiyanın cəmiyyətin avanqard qüvvəsinə  çevrilməsini şərtləndirən əsas amil də məhz xalqın partiyası, ən əsası  dahi şəxsiyyətin adı ilə bağlı olmasıdır. Ümummilli Liderin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi  Yeni Azərbaycan Partiyası ötən 30 ildə  Azərbaycanı inkişaf etdirmək qüdrətinə malik partiya olduğunu təsdiqlədi.
   Araz Xudadanov qeyd etdi ki, YAP Sabunçu rayon təşkilatı partiyanın  ilk yaradılan təşkilatları sırasındadır. Bu gün rayon təşkilatı  99 ərazi partiya təşkilatında  11 mində artıq üzvü birləşdirir.
   YAP Sabunçu rayon təşkilatının sədri  böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyinin  sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsində  mühüm rol oynadığını da diqqətə çatdırdı. Bildirdi ki,  partiyanın ilk Proqramında əksini tapan hədəflərə yüksək səviyyədə nail olması  bu siyasi qüvvənin 2021-ci il martın  5-də VII qurultayının keçirilməsini bir zərurətə çevirdi. Bir mühüm məqamı  xüsusi qeyd etməliyik ki,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, 2021-ci ildə Yeni Azərbaycan Partiyasının  VII qurultayında  partiya  Sədrinin  Birinci müavini təyin edilməsi  həm ölkənin, həm də YAP-ın həyatında mühüm tarixi hadisə oldu. Xalqımız əmindir ki, dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan,  Yeni Azərbaycan Partiyası  bundan sonra  da möhtəşəm uğurlara imza atacaq.
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ölkəmizin, Yeni Azərbaycan Partyasının keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Vurğuladı ki,  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaratdığı möhkəm təməl bugünkü Azərbaycanın dayanıqlı inkişafında öz sözünü deyir. Ulu Öndər  Azərbaycanı  canından artıq sevməsi ilə fəxr etməklə yanaşı, daim onun çiçəklənməsinə, qüdrətlənməsinə  səy göstərib.  Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının da əsas prinsipi dövlətə, xalqa xidmətdir. 30 ilin uğurları  həm Azərbaycanın möhkəm təməl üzərində inamla irəlilədiyini, həm də Yeni Azərbayan Partiyasının zəngin bir yol keçdiyini nümayiş etdirir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin  daimiliyini təmin etdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. Bu gün nəinki paytaxt Bakı və Bakıətrafı qəsəbələr, eyni zamanda, bütün regionlarımız, işğaldan azad  edilmiş ərazilərimiz  əsl quruculuq meydanına çevrilib. Bütün bunlan Heydər Əliyev siyasətinin təntənəsidir.
   Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasıın üzvü, Milli Məclisin  Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlardan  bəhs etdi. Bildirdi ki.  dövlətə, xalqa bağlılıq, Vətən sevgisi dahi şəxsiyyətin bütün təşəbbüslərinin, qərarlarının mahiyyətində dayanıb. Bu gün  harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı  Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir.
    Sadiq Qurbanov Yeni Azərbaycan Partiyasının  xalqın istəyi, zamanın tələbi ilə yaradıldığını  önə çəkərək diqqəti xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciətinə və dahi şəxsiyyətin bu müraciətə cavabına  yönəltdi. Ulu Öndər həmin cavabı ilə yenə də xalqının yanında olduğunu, belə bir   partiya yaradılarsa onun gələcəyinə böyük inam bəslədiyini bildirdi. Məhz bu inamın davamı olaraq  Prezident İlham Əliyev partiyanın VII qurultayında belə bir  əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
    Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,  Azərbaycan Dövlət İqtisad Universitetinin  rektoru Ədalət Muradov bildirdi ki, YAP tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan partiyadır. Çünki bu partiyanın yaradıcısı zəngin idarəçilik təcrübəsinə malik olan ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə   Azərbaycanın,  Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ  başladı. Bu gün  həmin mərhələnin uğurları fonunda Azərbaycanın   ərazi bütövlüyünün bərpa edilməsindən, Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinin zəfər ruhunda, yeni reallıqlara söykənərək qeyd edilməsindən  bəhs edirik. Çünki dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə bugünkü inkişafın əsasını yaratdı. Ulu Öndərin layiqli davamçısı Prezident  İlham Əliyev son 20 ilə yaxın müddət ərzində Azərbaycana  ən yüksək zirvələri fəth etdirir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, partiya zamanın tələbi ilə yaradıldı və özünə olan etimadı  yüksək səviyyədə doğrultdu. Bu gün partiyanın sıralarında birləşən üzvlərin böyük əksəriyyəti  gənclərdir. Gənclərimiz partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər. Ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gələcəyimiz  gənclərə  bu gün nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyətin bu tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Bu gün tarixi Zəfərimizin qəhrəmanlarından bəhs edərkən gənclərimizin  Vətən, torpaq sevgisini böyük qürurla qeyd edirik.
YAP Mərkəzi Aparatının təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov partiyanın keçdiyi inkişaf yolundan geniş  bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev  daim bu çağırışı diqqət çatdırırdı ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək  millətə, xalqa,  müstəqil Azərbaycan dövlətinə  xidmət etmək deməkdir. Bu gün partiyanın sıralarında birləşən  800 minə yaxın üzvün hər biri ulu öndər Heydər Əliyevin ideyalarının, Onun layiqli davamçısı  partiyanın Sədri İlham Əliyevin uğurlu siyasətinin təbliğatçısı  olmaqdan qürur duyur.  Yeni Azərbaycan Partiyası  ümumxalq partiyasıdır. Dahi şəxsiyyət Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası ölkəmizin dayanıqlı inkişafına öz töhfələri ilə diqqətdədir. İki ildən artıqdır ki, bütün tarixi günləri, əlamətdar hadisələri  Zəfər ruhunda qeyd edirik. Bu əlamətdar gündə Azərbaycanın, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan  bəhs etmək hər birimiz üçün sevinclidir.
    Tədbirin sonunda  YAP Sabunçu rayon təşkilatının yaradılmasının 30 illiyi  münasibətilə  bir qrup  təşkilat üzvünə Fəxri fərmanlar, partiya sıralarına yeni daxil olanlara isə üzvlük vəsiqələri təqdim edildi.
    Sonda Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi şərəfli yolunu özündə əks etdirən sənədli film nümayiş olundu.
Keçidlər