Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş minifutbol üzrə turnirin bağlanış mərasimi keçirildi
05 noyabr 2022 | 14:52
05.11.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş minifutbol üzrə turnirin bağlanış mərasimi keçirildi.
Mərasimdə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə,
YAP Sabunçu rayon təşkilatının sədri vəzifəsini müvəqqəti icra edən Zülfüqar Cəfərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və digərləri iştirak edirdilər.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov turnir barədə hesabat təqdim edərək bildirdi ki, turnirin keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar silsilə tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin və həvəskar minifutbolun təbliğidir. Oktyabrın 15-dən start verilmiş minifutbol turnirində ümumilikdə respublikanın 76 rayon və şəhərindən 864 nəfər gənc iştirak edib. 12 qrupda mübarizə aparan 72 komandadan ibarət turnirin qrup və play-off oyunları Bakı, Sumqayıt, Qusar, Qəbələ, Mingəçevir, Goranboy, Tovuz, Lənkəran, Biləsuvar, Tərtər və Saatlı şəhərlərində keçirilib. Hər qrupdan 1 komanda olmaqla ümumilikdə 12 komanda play-off mərhələsinə vəsiqə qazanıb. Play-off mərhələsinin yekununda 3 komanda Bakı şəhərində keçirilən final oyunlarında iştirak şansı əldə edib.
Mərasimdə əvvəlcə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tərəfindən oyunları idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olundu.
I, II, III yerləri tutmuş Tovuz, Bərdə və Sabunçu komandalarının oyunçuları müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olundu.
Turnirin bağlanış mərasimində çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıdan gələn Zəfər bayramı, Dövlət Bayrağı Günü və Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Tahir Budaqov bildirdi ki, hazırda respublikada partiyamızın 30 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir. Bu tədbirlər sırasında gənclər arasında keçirilən idman və intellektual yarışlar da xüsusi yer tutur. YAP Sədrinin müavini qarşıdakı günlərdə keçiriləcək tədbirlər haqqında da məlumat verdi. YAP Mərkəzi Aparatının rəhbəri minifutbol turnirinin bütün iştirakçılarını təbrik edərək vurğuladı ki, bu kimi turnirlərdə təmsil olunmaq Ulu Öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə sadiqliyin nümunəsidir.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş minifutbol turniri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatdı.