Şriftin ölçüsü :

Saytın rəngi :

Aqil Baba ziyarətgahı

 
   Türbə Bakının Maştağa kəndindədir. Bu türbə "Aqil baba" adı ilə tanınan Seyid Kamil ağanın türbəsidir. Türbə düzbucaqlı formaya malikdir və divarları yonulmuş daşlardan hörülüb. Sahəsi 4x4 metr, hündürlüyü isə 4,5 metrdir. Döşəməsi kafellə döşənib. Fasad tərəfdən günbəzi yonulmuş daşlarla işlənib. Türbənin içərisində Seyid Kamil ağanın qəbri yerləşib. Onun ərəb mənşəli olduğu və Ərəbistandan bura gəldiyi söylənilir.
   Seyid Kamil böyük kəramət sahiblərindən biri imiş. O, I Şah Abbasın müasiri olmuş – 400 il bundan qabaq yaşamışdır. Əsl adı Seyid Hüseyn olmuşdur, lakin kəramətlərinə görə I Şah Abbas onu Seyid Kamil adlandırmışdır. Deyilənlərə görə XVII əsrin ilk illərində Maştağaya köçmüş və ömrünün axırına qədər burada yaşamışdır.
   Ondan sonra onun məzarı üzərində qardaşı nəvəsi Seyid Pənah tərəfindən türbə ucaldılmışdır. Sağlığında evi ziyarətgah olan ağanın ölümündən sonra da türbəsi ziyarətgaha çevrilmişdir. Türbənin üzərindəki kitabənin üzərində ərəb əlifbasının süls xətti ilə bu sözlər yazılmışdır: “Bu yeni məqbərə ariflərin başçısı Seyid Kamil Seyid Mir Raid oğlunundur. Allah rəhmətinə getmişdir. Seyid Pənah İbn Seyid Şahmar İbn Seyid Murad tərəfindən rəbi-əs-sani ayında, 1131-ci ildə (h.q.) tikilmişdir.”
   Seyid Kamilə “Ağa Əli Baba” deyərlərmiş. Sonradan bu ad təhrif olunub və “Ağəl-bəbə” olaraq qalmışdır. Başqa versiyaya görə isə Seyid Kamilə insanlar “Aqil baba” da deyərlərmiş və bu adın zaman keçdikcə şəklini dəyişərək “Ağal-bəbə” şəklinə düşdüyü bildirilir.
        
Keçidlər