170 nömrəli tam orta məktəbdə aparılan təmir və yenidənqurma işləri ilə tanışlıq
14 senyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu qəsəbəsindəki 170 nömrəli orta ümumtəhsil məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanış oldu. Burada həyata keçirilən əsaslı təmir və bərpa işləri barədə dövlət başçısına məlumat verildi. Bildirildi ki, 170 nömrəli məktəbin binasının birinci korpusu 1928-ci ildə inşa edilib və hospital kimi fəaliyyət göstərib. 1932-ci ildə isə fəaliyyətini 120 şagird yerlik orta məktəb kimi davam etdirib. İkinci korpusun inşasından sonra isə məktəbdə 420 şagirdin təhsil alması üçün şərait yaradılıb. Hazırda 170 nömrəli məktəbdə 900 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Ümumi sahəsi 1425 kvadratmetr olan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ən müasir tələblərə uyğun şəkildə həyata keçirilib.