Şriftin ölçüsü :

Saytın rəngi :

ARZUXAN BAXŞƏLİ OĞLU ƏLİZADƏ

Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib. 1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri Razin, indiki Bakıxanov qəsəbə sovetində hərbi inspektor vəzifəsində çalışıb. 1983–1985-ci illərdə Moskva yaxınlığında hərbi xidmətdə olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1992-ci ildə həmin fakültədən hüquqşünas ixtisası üzrə məzun olub. 1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib. 1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat-kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub. 1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyəti göstərib. 2001–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin “Dövlət hüququ” kafedrasında baş müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq “Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları” mövzusunda elmi tədqiqat işi aparıb. İnsan hüquq və azadlıqlarına dair bir sıra elmi məqalə və broşurların müəllifidir. 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub. 1989–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Xalq Cəbhəsi Sabunçu rayon şöbəsində dayaq dəstəsinin sədri olub. 1995-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olub. 1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Aparatında sektor müdiri, 1999-cu ildən isə təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının, 2001-ci ildə isə partiyanın Siyasi Şurasının üzvü seçilib. 2005-ci ilin mart ayında AMİP-in baş katibi seçilib, bir müddət sonra Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyətə başlaması ilə əlaqədar olaraq tutduğu vəzifədən istefa verib. 2010-cu ildə yenidən AMİP-in baş katibi seçilib, 2015-ci ilin oktyabr ayından etibarən eyni zamanda AMİP sədrinin əvəzi kimi fəaliyyət göstərib. Azərbaycan Milli İstiqlal Partiyasının 15 avqust 2020-ci il tarixli XI Qurultayında AMİP sədri seçilib. 28 sentyabr 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayında yenidən partiya sədri seçilib. 2003-cü ildə Azərbaycan Milli İstiqlal Partiyasının namizədi olaraq Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü seçilib, 2005–2006-cı illərdə partiyanın namizədi olaraq Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində ardıcıl üç dəfə Bakıxanov bələdiyyəsinin üzvü seçilib, bələdiyyənin hüquq məsələləri daimi komissiyasının sədri olub. 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizəd olub. Seçkilərdə qalib gələrək Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı seçilib. Hazırda Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin sədr müavini, Regional məsələlər komitəsinin üzvüdür. 2024-cü il oktyabrın 8-də Azərbaycan–Kamerun parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. Ailəlidir, üç övladı və iki nəvəsi var.
Keçidlər