Şriftin ölçüsü :

Saytın rəngi :

Bilgah Beach Hotel

  "Bilgah Beach Hotel" Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəri, Bilgəh qəsəbəsində beşulduzlu oteldir.
Beynəlxalq səviyyəli nadir memarlıq incilərindən olan bu otelin Bakıda tikilməsi Azərbaycan Respublikasında turizmin inkişafının, istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricidir.
“Bilgah Beach Hotel” kompleksi original arxitektura üslubu ilə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri təklif etməsi ilə fərqlənir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.
20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılmışdır. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 yerlik avtomobil qarajı vardır.
  Otelin birinci mərtəbəsinin dizaynı özəlliyi ilə seçilir. Divarlarda 14 min metal şardan istifadə edilməklə yaradılan dekorativ kompozisiya buraya xüsusi yaraşıq verir. Bu mərtəbədə hündürlüyü 58 metr olan çılçıraq quraşdırılmışdır.
Kompleksin zəngin kitabxanasında Fransadan gətirilmiş qiymətli kitablar toplanmışdır. Oteldə qeydiyyat mərkəzi və qonaqların istirahəti üçün rahatlığı ilə seçilən gözləmə otağı da xüsusi zövqlə işlənmişdir.Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da vardır.
  İşıqlandırma sisteminin mükəmməlliyi ilə seçilən otelin birinci mərtəbəsində dənizin cazibədar mənzərəsi görünən və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik zal yaradılmışdır. Bu mərtəbədəki 44 nəfərlik “Piano lunch” da qonaqların ixtiyarına verilir. Dünya memarlığının ən son yeniliklərinin tətbiq olunduğu otelin dizayn elementləri turistlərdə xoş ovqat yaradır. Otelin restoranlarında qonaqlara yerli və xarici mətbəxlərin ləziz yeməkləri təqdim olunur.
Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Qonaqların istirahəti üçün hər cür şəraitin olduğu bütün nömrələrdən Xəzər dənizinin füsunkar panoramını seyr etmək mümkündür. Otaqlar simsiz internet, fərdi kondisioner sistemi, fərdi seyflər və birbaşa çıxışı olan telefonla təmin edilmişdir. Oteldə yüksək səviyyəli qonaqlar üçün ümumi sahəsi 175 kvadratmetr olan nömrə, 125 kvadratmetrlik “Ambassador suit” də yaradılmışdır.
Otelin zirzəmi qatında işgüzar şəxslərin müxtəlif tədbirlər keçirmələri üçün lazımi şərait yaradılmışdır. Buradakı 4 konfrans zalı müasir işıq və səsləndirmə sistemi ilə tam təchiz olunmuşdur. Zallarda videomaterialların izlənməsi üçün iri monitor da quraşdırılmışdır.
  Kompleksdə qonaqlar üçün 24 saat fəaliyyət göstərən 150 nəfərlik böyük restoran yaradılmışdır. Buradakı Talas SPA və ümumi sahəsi 2 min 600 kvadratmetr olan Fitnes-Mərkəz müasirliyi ilə diqqəti çəkir. Bununla yanaşı, qonaqlara pulsuz xidmətin göstəriləcəyi su divarı və masaj otaqları, türk hamamı, saunalar, buxar otaqları, 7 müalicə otağı, 2 VİP SPA yaradılmışdır. Bütün istirahət hollarında vitamin barları işləyir. Fitnes-Mərkəzdəki qapalı üzgüçülük hovuzunun uzunluğu 20, eni 10 metrdir.
Turistlərin müxtəlif əyləncə mərkəzlərindən istifadə edə biləcəkləri 350 metrlik dəniz sahili ilə əhatələnmişdir. İlin isti aylarında dəniz sahilində açıq havada eyni vaxtda 600 nəfərin istirahəti üçün lazımi şərait yaradılmışdır. Kompleksin dənizin sahilinə çıxışında 250 nəfərlik “Promenad Lounge”, dənizin içərisində estakada, üzərində isə 400 nəfərlik “Pier Grill” restoranları turistlərə yüksək xidmət göstərir. Ümumilikdə oteldə 9 restoran, bar və gecə klubu vardır.
  Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir.
Keçidlər