Şriftin ölçüsü :

Saytın rəngi :

Zabrat qəsəbəsi

 
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının
Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
 İcra Hakimiyyəti Başçısının nümayəndəsi
Mirzəliyev Zülfüqar Kamal oğlu
 550-65-75 
 Nümayəndənin müavini
Kərimov Vahid Şahsuvar oğlu
550-20-56
 Məsləhətçi Tikinti üzrə mühəndis
Qubadlı Kənan Məhərrəm oğlu
 550-21-75 
 Baş məsləhətçi mühasib
Abbasova Can-can Fikrət qızı
 550-21-75 
Aparıcı mütəxəssis
 Novruzova Gülxanım Əli qızı
550-21-75
 
Zabrat qəsəbəsi — Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir, sahəsi 20 km²-dir.
 
Toponim:
 
   Zabrat toponiminin mənasının araşdırılmasında iştirak edən AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata əsasən bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir.
  Zabrat toponiminin digər elmi izahını verən mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmuşdur. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar. Əvvəllər kəndin adı Sabirat-yəni sabirlərin yaşadığı yer adlanmışdı. Sonrakı əsrlərdə ad tədricən dəyişməyə başlamışdı. Yəni əvvəlcə S hərfi Z ilə əvəz olunaraq Zabirat kimi tələffüz edilməyə başlanış, sonralar isə Zabrat formasına düşmüşdür. Zabrat kəndi VII əsrlərdə yaranmışdır. Onlar Xəzər dənizinin şimal sahillərində yaşayan tayfalar idi. Sabirlər haqqında ilk dəfə yunan alimi Ptolomey (II əsr) məlumat vermişdir. Sabirlərin Sibirdə, İrtış çayı yaxınlığında yaşamaları ehtimal olunur. Mənbələrdə hunlardan sayılan bu tayfanın VI əsrdən Dərbənd keçidindən keçərək Qafqaz Albaniyası ərazisində məskunlaşması qeyd olunur. Müxtəlif tarixi hadisələrlə əlaqədar olaraq tayfalar bir yerdən başqa yerə köçmüşlər. Sabir tayfasının bir hissəsi Xəzər dənizi sahillərində məskunlaşaraq Zabrat yaşayış məntəqəsinin əsasını qoymuşdur.
 
Mikro toponim:
  •   XIX əsrin sonu-XX əsrin əvvəllərində məşhur azərbaycanlı neftxuda Murtuza Müxtarova məxsus neft mədəni və zavod ərazisində yaranmış fəhlə qəsəbəsi. 
  • 1936-cı ildə burada eyni adlı dəmir yol stansiyası açılmışdır. XX əsrin 50-60-cı illərində Zabrat kəndi ərazisində yaradılmış sovxoz-yaşayış məskəni, üzüm-meyvə bağları, qara-çınqıl taxıl sahələri, çöl bağları və s. mövcuddur.
  • Ləhiş bağları - Dəniz kənarında Nardaranla Kürdəxanı arasında çox böyük bağlıq ərazi. Təxminən 900 hektara qədər ərazini əhatə Ləhiş bağlarının 2/3 hissəsi Zabrat əhalisinə, qalan hissəsi isə Maştağa, Balaxanı, Hökməli camaatına məxsusdur. Ləhiş bağlarının özünəməxsus iqlimi, flora və faunası, şəfaverici xüsusiyyətə malik qumu vardır. Bu bağlarda yetişən əncir və üzümün müxtəlif növləri Azərbaycanda məşhurdur.
Coğrafiyası və iqlimi:
 
   Zabrat - Maştağa, Ramana,Sabunçu, Balaxanı, Məhəmmədi, Kürdəxanı qəsəbələrinin əhatəsindədir. Zabrat qəsəbəsi Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. 1806-1918-ci illərdə Zabrat kəndi Bakı quberniyası (1958-ci ilə qədər Şamaxı quberniyası) Bakı qəzası, Maştağa sahəsi adlanan inzibati bölgüyə aid edilirdi. Hazırda Zabrat qəsəbəsinə köhnə Zabrat kəndi, I Zabrat, Kaspiysk (Qəspişkə) Muxtarov və İstixana adlanan yaşayış yerləri aiddir. Zabrat torpaqları dəniz kənarı-Ləhiş bağlarından başlamışdır, yəni kəndin birbaşa dənizə çıxışı olmuşdur.
   İqlim şəraitinin formalaşmasına relyef və səth örtüyü ilə yanaşı Xəzər dənizi və hava kütlələri də təsir edir. Region günəşli saatların və günlərin miqdarına görə fərqlənir. Regionda yağıntının payıanması Bakının cənub -qərbində 130-150 mm,şəhərdə və yarımadanın cənubunda 200 mm, şimala doğru artaraq 300 mm, Xızı dağlarında isə 300-500 mm-dək düşür. Yağıntının daha çox düşdüyü aylar ilin soyuq mövsümündə xüsusilə noyabr, oktyabr aylarında olur.
 
Tarixi abidələr:
  •   XIX əsr Hacı Tağı Məscidi - məscid Bakının Zabrat kəndində yerləşib. XIX əsrdə inşa edilib. İç sahəsi 12x15,5 metrdir. Zabrat kənd məscidi yonulmuş mişar daşından tikilib. Həyətyanı sahəsi daş plitələrlə döşənib. Divarların qalınlığı 1 metrdir. Məscidin döşəməsi də daş plitədəndir. Əsas ibadət zalında baş pəncərə qoyulub. Mehrab yonulmuş daşlarla işlənib və mərkəz hissədə yerləşib. Minbər səkkizpilləlidir və taxtadan düzəldilib. Məscidin qadınlar şöbəsi kişilər şöbəsindən taxta hasarla ayrılıb. Tavan dörd sütun üzərində dayanıb. Sütunlar on iki tağla bir-birinə birləşib. Döşəmədən tavanadək hündürlüyü 7 metr, döşəmədən günbəzədək isə 11 metrdir. Günbəzin diametri 4,5 metrdir və onda səkkiz pəncərə qoyulub. Məscidin bir neçə yerində kitabə həkk olunub. Kitabələrin biri məscidin tarixi haqqında məlumat verir. Bu məscid yerli kənd sakini Hacı Tağı tərəfindən tikilib. Sovetlər dövründə bura anbar, fabrik, əmanət kassası və başqa məqsədlərlə istifadə olunub. 1990-cı illərdə onun fəaliyyəti bərpa olunub, habelə təmir edilərək abad vəziyyətə salınıb.
  •   Balaca Məscid - Zabratın yaşı ilə bir olan Balaca məscid. Yerlilərin buna Balaca məscid adı qoymağının səbəbi var. Belə ki, Zabratda iki məscid var, sakinlər də onları bir-birindən asan seçib ayırmaq üçün belə bölgü aparıblar. Bu məscidin isə altı əsrdən çox yaşının olduğu bildirilir. Kəndin nüfuzlu ağsaqqallarından olan Hacı Kənan deyir ki, məsciddə son dəfə aparılan təmir işlərinin tarixi dörd əsr bundan əvvələ gedib çıxır. Böyük Bətən Müharibəsində həlak olanlara xatirə abidəsi
  •   Qarabağ şəhidlərinin xatirə kompleksi
Əhali:
 
01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə qeydiyyatda olan əhalinin sayı 29.300 nəfərdir. Zabrat əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. 1735-ci ildə Nadir şah Zabrat və bir neçə kəndi Aşur xan Əfşara bağışlayır, o da əfşar tayfasından xeyli nəsilləri bura köçürür, Mehdixanlılar, Soduqlular, Növbətlilər, Kəblə Rəşidilər, Xalxali nəsilləri bu tayfadan olmuşlar. Kəndin əhali sayı 1842-ci ildə 151 nəfər idi və Bakı kəndləri arasında əhali sayına görə axrıncı yerlərdə olsada, sonrakı illərdə əhali sayı daha sürətlə artmış, 1886-cı ildə 779, 1904-ci ildə 942, 1913-cü ildə 4461 nəfər idi. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndlərdən biri olub, əhali sayına görə 7-ci yerdə idi. XIX əsrin sonunda kənddə neft hasilatı ilə bağlı fəhlə qəsəbələri Kaspiysk, Muxtarov, Həmşəhərlilər məhəlləsi və XX əsrin əvvəli alman muhacirlərinin saldığı Varovski məskənləri yaranmışdı (1941-ci ildə almanlar Qazaxstana sürgün edilir). 1926-cı ildə əhali sayı 7405 və 1939-cu ildə 2225 nəfər olmuşdur. 1920-ci illərdə əhalinin sürətli artımı, 1930-cu illərdə azalması prosesi baş vermişdir. 1936-cı ildə Zabrat kəndinə qəsəbə statusu verildi. Əhali sayı 1959-cu ildə 18,3 min, 1970-ci ildə 16,5 min, 1989-cu ildə 15,6 min, 1999-cu ildə 20,8 min, 2009-cu ildə min və 2017-ci ildə 29,1 min nəfər olmuşdur.
 
Əhalinin məşğuliyyəti:
 
   Zabrat əhalisinin məşğuliyyəti əkinçilik, maldarlıq, qismən sənətkarlıq və ticarət olmuşdur. Zabratda taxılçılıqla yanaşı, xırçılıq, bostançılıq, bağçılıq, daha məhsuldar bitki növlərinin və sortların yaradılmasında böyük təcrübəyə malik olmuşıar.Zabrat özünün üzüm növləri və zəfəranı ilə seçilən kəndlərdəndir. Zəfəran sahəsi 250 hektar olmuşdur. Zabratda əhalinin məşğuliyyətləri içərisində dəvəçiliyin özünəməxsus rolu vardı. Azərbaycan etnoqrafiyası kitabının dəvəçilik bölməsində Zabratda dəvə saxlanılması və Dəvədamlarının və ya Dəvəliyin yəni xüsusi tövlələrin tikilməsi haqqında izahlı məlumat verilmişdi. Zabratda əhali vaxtilə toxuculuq, xalçaçılıq, zərgərlik, dəmirçilik, silahsızlıq, pinəçilik, nalbəndlik, xarratlıq, qalayçılıq, tuluzçuluq, daşyonma, boyaqçılıq və s. sənətkarlıq növləri ilə məşğul olmuşdur.
 
Sənaye müəssisələri:
  • Zabrat Neftqazmaş ASC zavodu - 1930-cu ildə neft-mədən avadanlıqları və alətlərinin istehsalı və təmirindən ibarətdir.
  • Zabrat maşınqayırma zavodu - 1921-ci ildən fəaliyyət göstərir. Ərazisi 4.6 ha olub, 118 nəfər işçi heyəti vardır. Zavod buruq qüllələrin istehsalı üzrə ixtisaslaşmışdır. Hal-hazırda özüllər, metal konstruksiyaların istehsalı ilə fəaliyyət göstərir.​
  • Zavod APİ və İSO beynəlxalq sertifikatlara malikdir. Zavod qüllə özüllərini Rusiyaya ixrac edir.
  • Zabrat neft maşınqayırma zavodu - Bakı neft maşınqayırma zavodu TASC 2010-cu ildə Səttərxan adına maşınqayırma zavodu TASC və Bakı neft mədən maşınqayırma zavodu TASC-in birləşməsi nəticəsində yaranmışdır. Zavod quyuların qazılması və əsaslı təmiri üçün neft mədən avadanlıqların istehsalı sahəsi üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullar fontan armaturları, qazma rotorları, siyirtmələri göstərmək olar. Zavodun ərazisi 19.6 ha-dır. Zavodda 314 nəfər işçi çalışır.
   Ukrayna və Rusiyaya fontan armaturları və kəmər başlıqları ixrac edir.
 
Səhiyyə müəssisələri:
  •    21 №-li Şəhər Poliklinikası, 22 №-li Uşaq Ruhi-əsəb Sanatoriyası, 37 №-li Kardiorevmatoloji Uşaq Sanatoriyası, Zabrat Müalicə Diaqnostika Mərkəzi fəaliyyət göstərir.
Mədəniyyəti:
  •    Əvəz Paşayev adına Mədəniyyət Evi, 32 nömrəli musiqi məktəbi, Sabunçu rayon MKS-nin 4 və 12 saylı kitabxana filialları fəaliyyət göstərir.
Təhsil müəssisələri:
  • Tam orta məktəblər: 71, 75, 81, 192, 307
  •  İlk-peşə təhsil müəssisələri: 15 saylı Bakı Peşə Liseyi
  •  Məktəbəqədər müəssisələri: 260, 282 saylı körpələr evi-uşaq bağçası, 197 saylı uşaq bağçası

 

Keçidlər