Şriftin ölçüsü :

Saytın rəngi :

Pirşağı qəsəbəsi

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının
Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
İcra Hakimiyyəti Başçısının nümayəndəsi  
Orucov Ruhin Eyvaz oğlu
551-40-24
 Nümayəndənin müavini
Kamallı Kamal Rafael oğlu
551-40-24
 Baş məsləhətçi mühasib
Məhərrəmli Faiq Rasim oğlu
551-40-24
 
Pirşağı qəsəbəsi — Bakının Sabunçu rayonunda kənd. Ərazisi 19 kv.km-dir. Qəsəbə rayonun Kürdəxanı qəsəbəsi və Abşeron rayonu ilə sərhəddə yerləşməklə ərazisinin böyük hissəsini Xəzər dənizi sahili təşkil edir. Qəsəbədə əhalinin ilk məskunkaşmasını XV əsrə aid edirlər ki. Hazırda Pirşağıda 4 məktəb, 2 uşaq bağçası, mədəniyyət evi, kitabxana, müasir tipli ambulatoriya, təcili yardım məntəqəsi, 2poçt və 2 ATS fəaliyyət göstərir.
Pirşağıda dini elmlərə maraq həmişə güclü olmuşdur. Təsadüfi deyil ki, 18-19-cu əsrlərdə Pirşağıda 12 nəfər Nəcəf axundu olmuşdur. Qafqaz müsəlmanlarının ilk şeyxi Axund Zeynalabdin (Axund Mollaağa adı ilə tanınmışdır) məhz Pirşağılı olmuşdur.
Sovet dövründə 20-ci illərin sonu 30-cu illərin əvvəllərində əhali arasında savadsızlığın ləğvi ilə məşğul olan müəllimlər olmuşdur. Əvvəlcə ayrı-ayrı şəxslərin evlərində yerləşən məktəb 1934-cü ildə yeni binaya köçmüşdür.
Tarixi:
Pirşağı Bakının ən qədim kəndlərindən sayılır. Kənd Xəzər denizinin sahilində yerləşir və öz çimərliyi ilə məşhurdur. Azərbaycan Sovet Ensiklopediyasında Pirşağı kəndinin XVII əsrdən formalaşdığı qeyd edilir. Lakin bu təxmini məlumatdır. Belə ki, kəndin quruluşu onu deməyə əsas verir ki, məskunlaşma bir neçə mərhələdə baş vermişdir. Daha qədim məskunlaşma Xəzər dənizinin sahillərinə yaxın yerlərdə olmuşdur. Xəzər dənizinin sahilində qədim tikililər indi də qalmaqdadır. Qədim hamamlar, ovdanlar, su quyuları göstərir ki, insanlar dənizə daha yaxın yerlərdə məskunlaşmışlar. Lakin təbii səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində ərazinin torpaq altında qalması, dənizin qabarma və çəkilməsi nəticəsində sonralar insanlar bir qədər geri çəkilmiş və müasir Pirşağının ərazisində məskunlaşmışlar. Kənddə 4 qəbirstanlığın olması da bunu göstərir. Qəbirstanlığın biri dənizə yaxın mövqedə pirin ətrafinda salınmışdır ki, onun daha qədim olması güman edilir. İkinci qəbirstanlıq isə dənizdən xeyli aralı, kəndin cənubunda salınmışdır ki, onun daha sonralar salınması ehtimalı var. Yaşlı sakinlərin verdiyi məlumata görə Pirşağıda iki pir olmuşdur. Birinci qədim pir dənizə yaxın ərazidə yerləşmiş, lakin sonralar adamlar bu ərazidən köçdükdən sonra torpaq altında qalmışdır. Məlumdur ki, Pirşağı özünün güclü şimal küləklərilə məşhurdur. Yaşlı sakinlər qədim pir haqqında belə deyirlər: "Karvan yolunun iki yol ayrıcında böyük bir sahəni əhatə edən Şahi-pir deyilən pir vardı. Həmin pirin həyətində iri gövdəli qara tut ağacı olub. Yol ayrıcında olduğundan uşaqdan böyüyə hamı orada ayaq saxlayıb Piri ziyarət edərmişlər. Niyyət edənlər öz paltarlarından, baş yaylıqlarından ağac budaqlarına asarmışlar. Həmin pirin tarixindən dəqiq xəbər verən olmayıb.
Güclü tufanlar nəticəsində dənizkənarı yaşayış yerləri, o cümlədən Şahi-pir də torpaq altında qalıb". Hal hazırda bərpa edilmiş Pirşağı Tataz piri haqqında "Azərbaycanın epiqrafik abidələr korpusu" kitabında aşağıdakı məlumat qeyd edilir:"Piri-Şahi movzoleyindən yalnız bünövrə və Piri-Şahinin yanında dəfn edilmiş Şeyx Mühəmmədin qəbirüstü abidəsi qalmışdır.Piri-Şahinin qəbirüstü yazısı pozulmuşdur.Onun qəbirüstündən götürülmüş estampaj professor Paxomovun şəxsi arxivində saxlanılırdı.Yazıda aşağıdakılar qeyd olunmuşdu:"Bu Piri-Şahinin qəbridir." Şeyx Mühəmmədin qəbirüstü yazısında aşağıdakılar qeyd olunmuşdu: "Taleyin gərdişi kimsəyə sadiq olmadı,Qəddar tale istedadlı adamların da sonuna yetdi,Fələyin dərzisi nə köynək tiktisə sonda onu cırdı,Mən dünyaya doyunca baxmadım,Taleyin qəzəbindən çox bəlalar gördüm."Qəbirüstü yazıda tarix qalmamışdır.Abidəni XVII əsrə aid etmək olar.Təsadüfi deyil ki,alimlər kəndin tarixini XVII əsrlə əlaqələndirirlər.Lakin burası aydındır ki,pirin yaranması ilə kəndin məskunlaşması arasında müəyyən zaman fasiləsi olmuşdur. Pirşağı əhalisinin dənizə yaxın yerlərdə məskunlaşması, heç şübhəsiz,balıqçılıq təsərrüfatı ilə də əlaqədar olmuşdur. Həm də Pırşağıda içməli su bütün Abşeronda olduğu kimi çətin tapılırdı. Təsadüfi deyil ki, Abşeron sözünün etimologiyası Abu-Şoran, yəni suyu şor olan yer mənası ilə əlaqələndirilir. Pirşağıda bir neçə şirin su quyusu olmuşdur ki, əhali bu quyulardan istifadə etmişdir. Şirin su quyuları əsasən dəniz sahilinə yaxın yerlərdə yerləşirdi. Yəqin elə bu səbəbdəndir ki, insanlar dəniz sahilinə yaxın yerlərdə məskunlaşmağa çalışmışlar. Başqa bir amil də belə məskunlaşmaya səbəb ola bilərdi, bu da tikinti üçün əsas material olan saraq daşların məhz dəniz qırağından çıxarılması idi. Qeyd olunan səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində dənizsahili ərazilərin torpaq altında qalması nəticəsində əhali müasir Pirşağı ərazilərinə yerləşmişdir.
Etimologiyası:
Pirşağı sözünün etimologiyası haqqında müxtəlif versiyalar mövcuddur:
1.Tarixçilərin fikrinə görə "Pirşağı" sözü Piri-Şahin sözündən əmələ gəlmişdir. Rəvayətə görə burada insanları öz möcüzəvi müalicə qabiliyyəti ilə sağalda bilən Şahin adında bir şəxs yaşamışdır. Həqiqətən də Pirşağı Tataz pirində qədim qəbir var ki, həmin şəxsin adı ilə bağlıdır. Pirşağı piri dəri xəstəliklərini müalicə edən ocaq kimi tanınmışdır.
2.Digər bir izahata görə Piri-şahı şahın piri mənasına gəlir. Rəvayətə görə bu piri Şah ziyarət etdiyi üçün el arasında Pirişahı deyilmişdir.
3.Başqa bir izahata görə günlərin bir günü Pirdən qundağda olan körpə uşaq tapılır. El arasında bu uşağa Pir-uşağı deyilir. Beləliklə də Pir-uşağı anlayışı yayılmağa başlayır. Lakin daha məntiqi izahata görə Pir ətrafında məskən salıb yaşayanlara Pir-uşaqları deyilmişdir ki, bu da sonralar kəndin adına şamil edilmişdir.
4.Daha bir izahata görə "Pirşağı" ərəb mənşəli sözdür. Sözün ikinci hissəsi uşaq anlayışı ilə deyil, Üşşaq anlayışı ilə bağlıdır. Üşşaq aşiqlər demək olduğu üçün sözün mənası – Pir aşiqləri mənasına gəlir.
Bu versiyalardan hansının daha dəqiq olduğunu söyləmək çətindir. Belə ki, dəqiq yazılı mənbə yoxdur. Deyilənlərin əksəriyyəti xalq etimologiyasına əsaslanır. Bununla yanaşı Pirşağı sözünün Pir anlayışı ilə əlaqədar olmasına heç şübhə yoxdur. Hətta müasir dövrdə də Pirşağı Tataz pirinə müalicə məqsədilə gələnlər var.
Coğrafiyası və iqlimi:
Pirşağı Abşeron yarımadasının şimalında Xəzər dənizinin sahilində yerləşir.Ərazisi tektonik qalxmalara aiddir. Çökmə süxurları geniş yayılmışdır.Qum tirələri,balıqqulağı çöküntülər,qumlar 4-cü dövrün son mərhələsində yaranmış çöküntülərdir.Xəzri adlanan şimal,şimal-qərb,şimal-şərq küləkləri,cənub və cənub şərqdən gələn Gilavar, sahil küləkləri gecə və gündüz brizləri xarakterikdir. Yay fəsli quraqlıq keçir, yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir.Yanvar ayının orta aylıq temperaturu 0-3 dərəcə arasında,iyul ayının orta temperaturu 25-27 dərəcə arasında olur.Sutkalıq amplitud 7-8 dərəcədən artıq olmur.Yarımsəhra landşafta malikdir.Boz,boz çəmən və müxtəlif şoran torpaqlar səciyyəvidir.
Əhalisi:
01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qeydiyyatda olan əhalinin sayı 7000 nəfərdir.
İqtisadiyyatı:
Pirşağının iqtisadiyyatı qədim dövrlərdən balıqçılıq, bağçılıq-bostançılıqla bağlı olmuşdur. Yerləşdiyi təbii şəraitə uyğun olaraq burada balıq vətəgələri təsərrüfatın əsasını təşkil etmişdir. Yaşlı adamların danışdıqlarına görə, 1941-1945-ci illərdə, vətən müharibəsi şəraitində əhalinin ərzaqla təminatında balıq vətəgələrinin böyük rolu olmuşdur. Bu vətəgələr müharibədən sonrakı dövrlərdə də fəaliyyət göstərmişdir.
Bağçılıq təsərrüfatı Pirşağı iqtisadiyyatının ən qədim sahələrindən biridir. Suvarma sistemi olmayan bu ərazidə əsasən dəmyə bağ və bostanlar salınmışdır. İqlim və təbii şəraitinə uyğun olaraq burada əsasən üzüm, əncir, tut, iydə ağacları əkilmişdir. Pirşağı şanısı, ənciri dillərdə əzbər olmuşdur. Sovet dövründə bağ təsərrüfatı kolxoz və sovxozlarda cəmləşmişdi. Müasir dövrdə Abşeronun su ilə təchizatı yaxşılaşdığı üçün bağçılıq təsərrüfatında da köklü dəyişikliklər baş vermişdir. Belə ki, indi fərdi təsərrüfatlarda istənilən çeşiddə ağaclar və bitkilər yetişdirilir.
Pirşağının təbii şəraiti nəzərə alınaraq Sovet dövründə müxtəlif sağlamlıq ocaqları salınmışdı. Burada sanatoriyalar, pioner düşərgələri fəaliyyət göstərirdi. Bu müəssisələrdə əhalinin xeyli hissəsi çalışırdı ki, bu da iqtisadi vəziyyətə müsbət təsir edirdi.
 

 

Keçidlər