Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsi

 
Yaşar Nuri - azərbaycanlı aktyor, rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı,
Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı
 
 
 
  Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.
  Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir.
  Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.
  Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq alırdı.
 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.
  1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
  Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.
  Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.
  Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdir.
  Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınamışdır. Teatrda işi olaraq Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdir.
 Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul") (28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel (6 mart, 1977), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım (29 oktyabr, 1978), Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy (18 noyabr, 1978) obrazlarını yaratmışdır. 
 
Kino fəaliyyəti
  Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd Bazar Günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi oldu. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı. Yaşarın maraqlı rollarından biri də "Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı, yəqin ki, onu heç vaxt unutmaz.
  Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol Əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.
  Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili Xaş" və "Bəyin Oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin Oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir.
  Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə Gözəldir Bu Dünya..."dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.
 
Mükafatlar və adlar
  • 1981 — Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı.
  • 1984 — Azərbaycan Lenin Komsomolu Mükafatı.
  • 01.03.1989 — Azərbaycan SSR Xalq Artisti fəxri adı.
  • 1991 — "Yaramaz" filmindəki Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət Mükafatı.
  • 1992 — "Qızıl dərviş" mükafatı.
  • 1996 — "Qızıl dərviş" mükafatı.
  • 2005 — Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatı
  • 2005 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
  • Cəfər Cabbarlı mükafatı (2010)
  • 2011 — "Şöhrət" ordeni
  • 2012 — Milli Kino Mükafatı
 
 
 
 
 
Əlibaba Balaəhməd oğlu Məmmədov — Azərbaycan xanəndəsi, bəstəkar,
Azərbaycan Respublikasının xalq artisti
 
 
  Əlibaba Məmmədov 5 fevral 1929-cu ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynamışdır. Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində almışdır.
  1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə “Azkonsert birliyi”-nin solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhbərlik edir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır.
  Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam –dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir.
  “Yaşa məhəbbətim, yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” və s. Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963 cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. Əlibaba Məmmədov həmdə dəfələrlə muğam müsabiqələrində müsiflər heyətinin üzvü olmuşdur.
  Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəst-xətti, xidmətləri olan ustad xanəndələrimizdən biri də xalq artisti Əlibaba Məmmədovdur. Bu sənətkarın adı çəkiləndə "Hümayun" yada düşür. Çünki bu təsnifin ən qabil ifaçısı məhz Əlibaba Məmmədov olub. Ötən əsrin ortalarından oxuduğu bu təsniflə geniş şöhrət tapan Əlibaba Məmmədov dövrünün çox novator sənətçilərindən sayılıb. O, muğamla müasir mahnılar arasında bir əlaqə yaradan xanəndə kimi seçilib.
  1968-ci ildə maestro Niyazinin təşəbbüsü ilə filarmoniyada Xalq Çalğı Alətləri Ansamblı yaradılmışdır. Baxış-müsabiqədə ansambla "Humayun" adı verildi. Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti oldu. Görkəmli sənətkar Hacı Məmmədova məxsus fikirdi: "Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur". Sonralar bu ansamblda Novruz Feyzullayev, Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Zümrüd Məmmədova və başqaları da oxudular. Onlar Əlibaba Məmmədovdan həm öyrənirdilər, həm də dəyərli məsləhətlər alırdılar. İndi də bu ansambl öz fəaliyyətini dayandırmayıb. Sorağı müxtəlif bölgələrdən, hərbi hissələrdən və hospitallardan gəlir.
  Əlibaba Məmmədov bir qərinədən çoxdur ki, Asəf Zeynallı və Bülbül adına orta ixtisas musiqi məktəblərində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir. Bu müqtədir sənətkarın ifasında lentə alınmış "Bayatı-Şiraz", "Çahargah", "Dəşti", "Rahab", "Şur" kimi muğamlar və onlarca başqa xalq mahnıları, təsniflər radionun "Qızıl fondu"nda saxlanmaqdadır.
  Əlibaba Məmmədov təsnif janrında ustad oxuyan sənətkar sayılıb. "Ağarma saçım, ağarma", "Ağrıma ürəyim, ağrıma" kimi mahnıları elə həzin, ürəkdən oxuyub ki, bu gün də həmin musiqi parçalarını biz bu ifaçıda eşitməyi daha çox sevirik.
Əlibaba Məmmədov gənclik illərindən mahnılar bəstələyib. Mikayıl Müşfiqin, Əliağa Vahidin sözlərinə yazdığı mahnıları dövrümüzün şöhrətli müğənniləri - Zeynəb Xanlarova, Rübabə Muradova və digər tanınmış sənətçilər sevərək ifa ediblər. Sovet dövründə müğənninin, xüsusilə də xanəndənin bəstəkarlıq etməsi bir qədər yasaq idi. Ona görə də Əlibaba Məmmədovun musiqi həyatı verdiyi sözlər artıq "Xalq mahnısı" libasına bürünərək oxunurdu. Amma el arasında, xüsusilə də sənətkarların özləri bilirdilər ki, bu, bəstəkar mahnısıdır, onun yaradıcısı da Əlibaba Məmmədovdur.
  1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti on günlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. Onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülmüşdü. Sonra isə Azərbaycanın əməkdar artisti, xalq artisti fəxri adlarını da aldı.
  Ömrünün ahıl çağını yaşayan xalq artisti, Prezident təqaüdçüsü, muğam ustadı, təsniflərimizin mahir ifaçısı Əlibaba Məmmədov Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisidir. Onun hələ gənclik illərində oxuduğu "Simayi-Şəms" ritmik muğamı, "Şur" dəstgahı, "Çahargah" muğamı başqa boğazlardan fərqli şəkildə dinləyici qəlbini fəth etmişdir. Ustad Seyid Şuşinskidən aldığı dərs ömrü boyu yaddaşından və yaradıcılıq fəaliyyətindən silinməmişdir. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhrünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, öyrədilməsində böyük rol oynamışdır.
 
Mahnıları
  • İnandır məni
  • Yaşa hələ
  • Sən gərək güləsən
  • Səni gözlər
  • Mənim Azərbaycanım
  • Müxalif təsnifi
  • Bakı
  • Şur təsnifi (Yaşa Ürəyim)
  • Mehriban həkim
  • Vətən yaxşıdır
 
Filmoqrafiya
  • Şur (film, 1967)
  • Toyda görüş (film, 1970)
  • Havalansın Xanın səsi (film, 2001)
  • Maestro Niyazi (film, 2007)
  • Mənim atam Əliövsət Sadıqov (film, 2007)
  • Muğamat var olan yerdə... (film, 2009)
  • Mən Hüseyn Arifəm... (film, 2010)
 
 
 
 
 
 
 
Salam Qədirzadə - Məşhur Azərbaycan yazıçısı, dramaturq
 
 
 
  Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S. Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı.
  1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi. Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapmışdı. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.
  1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir. Moskvada oxuyarkən Salam ailə qurur və 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdır. Burada gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyir. 1960- cı ildə S. Qədirzadə “Kirpi” satirik jurnalının məsul katibi təyin olunur və 1966 ilədək həmin vəzifədə çalışır. 1975-1976 illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışır. 1976-cı ildə isə “Kirpi” satirik jurnalının baş redaktoru təyin olunur və 1980-cı ilədək həmin vəzifəni icra edir. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan yazıçılarının qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir.
  Salam Qədirzadə 35-dək kitab müəllifidir. Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” kimi romanları gənclərin masaüstü kitabına çevrilmişdir. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunurdu. Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanmış, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulmuşdur. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir. Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini qoydu.
  Salam Qədirzadə yaradıcılıq baxımından çox dolgun, təqvimi hesabla isə qısa bir həyat yaşadı. O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını dəyişdi.
 
 
 
 
 
 
 
Mircavad Axundzadə - fotoqraf, Azərbaycanın ilk peşəkar fotoqrafı
 
 
 
  Mircavad Axundzadə 1909-cu ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur. Mircavad Axundzadə haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə "Ağ-qara dünya" sənədli filmi də çəkilib.
 
 
 
 
 
 
 
 
Əlili Əlizadə — Azərbaycan aktyoru və rejissoru,
 Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1959)
 
 
 
  Məmməd Əlili 7 noyabr 1898-ci ildə İçərişəhərdə, kasıb ailədə doğulmuşdu. Uşaqlığı ağır keçmişdi. Ailənin dolanışığına kömək etmək məqsədilə müxtəlif işlərlə məşğul olmuşdu. Cəfər Cabbarlı ilə tanış olandan sonra həyatı dəyişmiş, C. Cabbarlı onu məktəbə cəlb etmişdi. Onların uşaqlıqda başlanan dostluğu sonralar da davam etmişdir.
  M. Əlilinin incəsənətə bağlılığının tarixi "Pusfilm"in Bakıda çəkdiyi "Neft və milyonlar səltənətində" filminin tarixindən, yəni 1916-cı ildən başlayır. O vaxt mollaxanada oxuyan Məmməd filmin mollaxana ilə bağlı səhnəsində şagirdlər arasında rola çəkildi. İlk vaxtlar o, teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti, rejissor kimi işləmişdi. 1932-ci ildə Moskvada Malı Teatrın yardım heyətində işləyə-işləyə rejissorluq sənətinin sirlərini öyrənib. Özünü bacarıqlı təşkilatçı və xarakter aktyor kimi tanıdan Əlilini Çeçen-İnquş MSSR-ə professional teatr yaratmaq məqsədilə ezam edirlər. Burada da etimadı layiqincə doğruldan Məmmədi Cəfər Cabbarlı Bakıya dəvət edir. O vaxt "Almaz" bədii filmi çəkilirdi və Əlili rejissor asistenti kimi işə başladı. O, Cəfər Cabbarlının bütün tamaşalarının ərsəyə gəlməsində əvəzedilməz rol oynamışdı. Həmin dövrlərdə Azərbaycanda çəkilmiş bütün kinolarda Əlilinin böyük əməyi vardı. O, "Dənizi fəth edənlər" filminin çəkilişləri zamanı yanğının içində bəzi kadrları çəkib və səhnə elə buna görə də çox təbii alınıb. Əlili Neft Daşlarının fəxri vətəndaşı olub. Orada heç kəsə 10 gündən artıq qalmağa icazə verilmirdi, ona isə 9 ay qalmaq nəsib olmuşdu. "Dənizçilər haqda dastan" və "Dənizi fəth edənlər" filmləri məhz Neft Daşlarında çəkilib.
 Əlili məşhur rejissorlar Ç.Q.Sabinski, İ.A.Savçenko, Boris Barnet, İosif Xeyfits, A.Zorxi, Qriqori Aleksandrov, R. Karmen və başqaları ilə işləmiş, onladan öyrənmişdir. Onun Azərbaycanın əməkdar incəsənət xadimi adını almasında R.Karmenin xüsusi rolu olmuşdu.
 
Filmoqrafiya
  • 1.Arşın mal alan (film, 1917)
  • 2.Arşın mal alan (film, 1965)
  • 3.Babək (film, 1979)
  • 4.Bakılılar (film, 1938)
  • 5.Bakının işıqları (film, 1950)
  • 6.Bəxtiyar (film, 1942)
  • 7.Bəxtiyar (film, 1955)
  • 8.Bir məhəllədən iki nəfər (film, 1957)
  • 9. Bismillah (film, 1925)
  • 10. Dağlarda döyüş (film, 1967)
  • 11. Dəli Kür (film, 1969)
  • 12. Dənizi fəth edənlər (film, 1959)
  • 13. Doğma xalqıma (film, 1954)
  • 14. Fətəli xan (film, 1947)
  • 15. Gənc qadının kişisi (film, 1988)
  • 16. Xəzər neftçiləri haqqında dastan (film, 1953)
  • 17. Xoşbəxtlik qayğıları (film, 1976)
  • 18. Kəndlilər (film, 1939)
  • 19. Koroğlu (film, 1960)
  • 20. Qətl günü (film, 1990)
  • 21. Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
  • 22. Leyli və Məcnun (film, 1961)
  • 23. Mavi dənizin sahilində (film, 1936)
  • 24. Möcüzələr adası (film, 1963)
  • 25. Neft və milyonlar səltənətində (film, 1916)
  • 26. Nəsimi (film, 1973)
  • 27. Nəvəmin nəvəsinin nəvəsi (film, 1985)
  • 28. Ögey ana (film, 1958)
  • 29. Sovqat (film, 1942)
  • 30. Ulduzlar sönmür (film, 1971)
  • 31. Üzeyir ömrü (film, 1981)
  • 32. Vah!.. (film, 1980)
  • 33. Yeni horizont (film, 1940)
 
 
 
 
 
 
 
 
Qorxmaz Əlili – Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Estrada Teatrının yaradıcısı
 
 
  Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakıda anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun kino aktyoru fakültəsini bitirmişdir.
 
Yaradıcılığı
  Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir.Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur.Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır.1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı adını almışdır.
  Tanınmış estrada aktyoru 1990-cı ildə Azərbaycan Estrada Teatrını yaratmışdır.O, bu teatrın bədii rəhbəri və direktorudur.
  Qorzmaz Əlilicanzadə Azərbaycanda gənc istedadlıların aşkara çıxarılmasında çox böyük əməyi var.Onun təşkilatçılğı ilə uzun illər keçirilmiş "7-17" müsabiqəsində və özünün "Şou Əlili" adlı əyləncəli proqramında xeyli gənc müğənni aşkara çıxarılmışdır.Bu gün bir çox gənc müğənni məhz həmin müsabiqələrdə formalaşmış və tamaşaçıların rəğbətini qazanmışdır.
  1991-ci ildə ilk olaraq "Oxşarlar" festivalını yaratmışdır.
  O,1992-ci ildə ilk dəfə olaraq respublika meyxana müsabiqəsini keçirmişdir.1999-cu ildə isə onun rəhbərliyi altında II Respublika Meyxana Müsabiqəsi keçirilmişdir.
  1993-cü ildə "Evlənmək istəyirəm"(R.İçərişəhərli), "Silindr" (E.Deflippo) və digər estrada tamaşalarını yaratmış (bədii rəhbər) baş rollarda oynamışdır.
  Qorxmaz Əlilicanzadə həm estrada artisti, həm konfransye, həm şoumen (Aərbaycanın ilk şoumeni), həm də müğənni kimi fəaliyyət göstərir. Belə ki, F.Əmirovun "Şeyx Sənan" operasında Kor Ərəbin mahnısı, C.Cahangirovun "Fizuli" kantatası, Eldar Mansurov, Rauf Məmmədov, Xanım İsmayılqızı, Nadir Əzimov və s bəstəkarların mahnılarının ilk ifaçısıdır. Bundan əlavə o, Azərbaycan futbolu haqqında "Yaşa futbol" adli mahnının (Rauf Məmmədovun) ilk ifaçısıdır.
 
Filmoqrafiya
  • 1.Axırıncı dayanacaq (film, 2014)
  • 2.Arşın mal alan (film, 1965)
  • 3.Bir cənub kəndində (film, 1997)
  • 4.Dəli Kür (film, 1969)
  • 5.Əbədi ezamiyyət (film, 2016)
  • 6.Güllələnmə təxirə salınır!... (film, 2003)
  • 7.Qala (film, 2008)
  • 8.Qayınana (film, 2011)
  • 9.QAZ (film, 2005)
  • 10. Milçək (film, 2006)
  • 11. Ölüm növbəsi (film, 2009)
  • 12. Sübhün səfiri (film, 2012)
  • 13. Tərsinə çevrilən dünya (film, 2011)
  • 14. Vəkil hanı? (film, 2011)
  • 15. Yaz yuxusunun işığı (film, 1996)
  • 16. Yuxu (film, 2001)
  • 17. Zəng (film, 2014)
  • 18. Dələduzlar (film, 2014)
  • 19. Sənin deyil (serial, 2016)
 
 
 
 
 
 
 
 
Hacıağa Abbasov— Azərbaycanın görkəmli səhnə ustası,
aktyor, teatr təşkilatçısı, dramaturq, Azərbaycanın Xalq artisti (1932)
 
 
  Hacıağa Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.
  Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib.
  1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında "Hacımirz" teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə Hacıağa Abbasov Akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib (1929-1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb. Əsas rolları: Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə Mehdi xan, Şamdan bəy ("Nadir şah" və "Şamdan bəy", Nəriman Nərimanov), Ağa Kərim xan, Hacı Qəmbər ("Ağa Kərim xan Ərdəbili" və "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Molla İbrahimxəlil ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Qubad ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Osip ("Müfəttiş", Nikolay Qoqol), Moisey ("Yəhudilər", Yevgeni Çireov).
  Aktyor Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Arşın mal alan", "Ər və arvad" operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb.
  Sənətdə qazandığı nailiyyətlərə və teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Hacıağa Abbasova xalq artisti fəxri adı verilib (1932).
  Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda dünyasını dəyişib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.
 
Filmoqrafiya
  • 1.     Hacı Qara (film, 1929) — Bayraməli Bəy (Sonanın atası)
  • 2.     Səhnə veteranı (film, 1974)
 
 
 
 
 
 
 
 
Abdullayev Ramiz – Azərbaycan şairi, dramaturq, "Qızıl qələm" mükafatı laureatı,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
 
  Abdullayev Ramiz Həbibulla oğlu 1953-cü il iyunun 23-də Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 1970-ci ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub. 1972-1974-ci illərdə hərbi xidmətdə olub. 1975-ci ildə texnikumu bitirib. Müxtəlif vəzifələrində çalışıb.
  1995-1999-ci illərdə "Elm və Təhsil Mərkəzi Təfəkkür" Universitetində təhsil alıb. 1996-ci ildən hal-hazıra qədər Azərbaycan Dövlət Dəmir Yolunun "Daşıma Prosesləri İdarəetmə" Birliyində rəis müavini vəzifəsində çalışır. "Fəxri dəmiryolçu" adına layiq görülüb. Bədii yaradıcılığla məşğul olur. Səkkiz şeir və və üç musiqili komediya kitabının müəllifidir.
  Ramiz Abdullayev "Abdulla Şaiq", "Vətən", "Qızıl qələm", "Qızıl açar", "Qızıl Buta", "Dədə Qorqud" adına "Vətən Ovladı" qızıl medalı mükafatları ilə təlfif olunub, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2002-ci ildə "Olacağa çarə yoxdur!" adlı iki hissəli musiqili komediyası C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyorları tərəfindən Azərbaycan Milli Akademik Dram Teatrının və Ş.Qurbanov adına musiqili komediya teatrların səhnələrində oynanılmışdır. AzTV tərəfindən əsərə film çəkilmişdir.
  2007-ci ildə "Biznesmen" adlı iki hissəli musiqili komediyası C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyorları tərəfindən səhnələşdirilmiş və Ş.Qurbanov adına musiqili komediya teatrının səhnəsində oynanılmışdır.
  2008-ci il iyun ayında "Pasport" adlı iki hissəli musiqili komediyası Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən Ş. Qurbanov adına Musiqili Komediya Teatrının səhnəsində oynanılmışdır.
  Şeirlərinə 250-dən artıq mahnı bəstələnmiş və 120-dən artıq müğəninin ifasında mahnılar xalqımıza təqdim olunmuşdur.
 
Əsərləri
  • "Necə unudum səni"
  • "Sevgi duyğuları"
  • "Sevgi dolu gecələr"
  • "Olacağa çarə yoxdur"
  • "Vətən torpağı"
  • "Zemlya Otçizna"
  • "Biznesmen"
  •  "Bahar yağışı"
  • "Pasport"
  • "Sevgi çiçəyi"
  •  "101 kəlam"
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər