Şriftin ölçüsü :

Saytın rəngi :

Balaxanı qəsəbəsi

 
Cahangir Cahangirov – bəstəkar, pedaqoq, xormeyster.
Azərbaycanın xalq artisti (1963)


  Cahangir Şirgəşt oğlu Cahangirov - 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Əməkdar incəsənət xadimi (1959), xalq artisti (1963), SSRİ dövlət mükafatı laureatı (1950). Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.
Yaradıcılığı:
  Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri,operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirmişdir. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilmişdir. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.
 
Simfonik əsərləri:
  1949-cu ildə “Arazın o tayında” vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür.1950-ci ildə “Arazın o tayında” poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunmuş, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilmişdir.
  1962-ci ildə - Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün “Sabir” oratoriyasını yazmışdır.
 
Operaları:
  Canahgir Cahangirov “Azad” və “Xanəndənin taleyi” adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirmişdir.
  Cahangir Cahangirov “Xanəndənin taleyi” operasında bir bəstəkar, musiqi dramaturqu kimi ən gözəl keyfiyyətlərini qabarıq şəkildə nümayiş etdirmişdir. Ən başlıcası odur ki, Cahangirovun operası istər üslub, istərsə də musiqi dramaturgiyası baxımıından bitkin və kamildir.
  Məlumdur ki, xanəndənin repertuarı muğam və təsniflərdən ibarət olur. Operanın qəhrəmanı özü xanəndə olsa da, müəllif ifaçılıq sənətinin materialı kimi muğamlardan sitat şəklində istifadə etməyi qarşısına məqsəd qoymamışdır. Lakin onun operadakı musiqi materialı başdan-başa muğam boyaları ilə rövnəqlənmişdir.
  1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi “Azad” operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilmişdir. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
 
Mahnıları:
  Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Canahgir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir. Cahangir Cahangirov çoxlu lirik mahnıların da müəllifidir. Mübaliğəsiz demək olar ki, bəstəkarın hərtərəfli istedadını üzə çıxaran bu janr ona daha çox müvəffəqiyyət gətirmişdir. Onun “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və s. mahnıları dillər əzbəridir.
  Cahangir Cahangirovun bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan “ayrılaraq” xalq arasında yayılmışdır. Bu mənada “Yenilməz batalyon” filmindən “Teymurun mahnısı”nı, “Koroğlu” filmindən “Xanəndə qızın mahnısı”nı, “Dəli Kür” filmindən “Ana kür” və “Bayatılar” mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.
  Cahangir Cahangirovun mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Canahgirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışmışdır.
  Cahangir Cahangirov klassiklərin yaradıcılığına da müraciət etmiş, ürəyəyatımlı mahnı və romanslar yazmışdır. Hələ 1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində bəstəkar şairin sözlərinə “Gül camalın” romansını və xor üçün “Qəzəl” əsərini yazıb. Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 600 illik yubileyi günlərində şairin bir qəzəli əsasında mahnı-romans yazmışdır. “Ənəlhəq” adlanan həmin əsər Azərbaycan Teleradio Verilişləri Şirkətinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülmüşdür.
  Füzuli dühası, Füzuli lirikası Cahangir Cahangirovun yaradıcılıq təxəyyülünə çox uyğundur. Məhz bunun nəticəsidir ki, bəstəkar vaxtaşırı Füzuli şeiriyyatından ilhamlanaraq ürəyəyatımlı əsərlər bəstələyib. Bu baxımdan onun Füzulinin qəzəllərinə bəstələdiyi vokal miniatürlərini qeyd etməliyik. Xüsusilə “Eşitməzdim” qəzəl-romansı cəlbedicidir.

Mükafatları və təltifləri:
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 29.10.1971
Haqqında "Bəstəkar Cahangir Cahangirov" adlı sənədli film çəkilmişdir.
 
 
 
 

Hüseyn Axundov — Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin
görkəmli nümayəndəsi
 
 
  Böyük Vətən müharibəsi veteranı, tanınmış rəssam Hüseyn Məmməd oğlu Axundov 28 aprel 1921-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Ağa Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət insititutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtahan komissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı.
  Hüseyn Axundov 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Taleyinin, qismətinin mükafatıymış kimi, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər. Tam sağalmamış əfsanəvi Arşın mal alan filminin işində aktiv iştirak edib. Yaraları sağalandan sonra təhsilini Ümumrusiya Dövlət Kinematoqrafiya universitetində (VQİK) davam etdirib. 1945-ci ildə oranı bitirdikdən sonra taleyini birdəfəlik Moskvaya bağlayıb.
 
Yaradıcılığı
  Mosfilm də ilk ştatlı işləyən azərbaycanlı olaraq Hüseyn Axundov İvan Pıryev, Qriqori Aleksandrov, Aleksandr Ptuşko kimi sovet kinosunun tanınmış ustadları ilə çiyin-çiyinə çalışıb. «İdiot» (Axmaq), «Belıe noçi» (Bəyaz gecələr), «Vesna» (Bahar), «Sampo» filmlərinin rəssamı eyni zamanda onlarla başqa sənət əsərlərinə rəngli həyat verib. Kino rəssamı olmaqla yanaşı, dekorativ eskizlər, kinoplakatlar və paralel olaraq rəsm əsərləri üzərində də işləyib.
  1953-cü ildə VDNX-dakı (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) pavilyonlardan birinin tərtibatı ona tapşırılıb və bu işi yarım ildə başa çatdırıb.
  Hüseyn Axundovun yaradıcılığının yaddaqalan mərhələlərindən biri də Moskvanın tarixi mərkəzində ən qədim şəxsi tikililərdən olan Knyaz Yusupovun sarayının bərpa edilməsində baş rəssam işinin ona həvalə edilməsi olub.
  Rusiya rəssamlar ittifaqının üzvü olan Hüseyn Axundovun yaradıcılıq işləri Rusiyanın və dünyanın bir çox rəsm sərgilərində nümayiş etdirilib. Hüseyn Axundov 2015-ci il fevral ayının 6-da ömrünün 94-cü ilində Moskvada vəfat edib.
 
 
 
 
 
Bayram Qasımxanlı – rəssam
 
 
  Bayram Qasımxanlı - 1946-cı ildə Bakı şəhəri Balaxanı qəsəbəsində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1977-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1982-ci ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərib. 1984-cü ildən Bakı eksilibris klubunun sədridir. 1989-cu ildə "Azərbaycan eksilibrisi" adlı kitabı dərc olunmuşdur. Respublikada və xaricdə keçirilən beynəlxalq müsabiqələrdə mükafatlara və diplomlara layiq görülmüşdür. Türkiyədə, İranda, Polşada, Belqradda keçirilən sərgilərdə uğurla çıxış etmişdir. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.
 
 
 
 
Rəfiqə Mustafayeva — Professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü,
Pedaqoji elmlər üzrə Qafqazda ilk, Şərqdə ikinci qadın elmlər doktoru,
Respublikanın Əməkdar müəllimi, “Xan qızı Natəvan” diplomu və “Akademik Mehdi Mehdizadə mükafatı” laureatı
 
 
 
  R.Ş. Mustafayeva 1936-ci ilin 21 iyununda Baki şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur.
  Qəsəbədəki 204 nömrəli məktəbdə orta, 1954-59-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır.
  1960-76-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almış, hazırda Binəqədi və respublikanın digər rayonlarında müəllimlərinin yolunu davam etdirirlər.
  R.Ş. Mustafayeva 1970-72-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 1974-cü ilin 14 mayında müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
  1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir.
  1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimlər İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəıaliyyət göstərmişdir. 1985-ci ilin fevralında institutdakı “Pedaqogika” kafedrasının müdiri seçilmiş, 2006-cı ilin noyabr ayınına qədər həmin kafedraya rəhbərlik etmişdir.
  R.Ş. Mustafayeva 1987-ci il dekabr ayınınm 8-də Tbilisidə doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almış, 1990-cı ilin 27 sentyabrında ona professor elmi adı verilmişdir. O, respublikada ilk, Şərqdə ikinci pedaqoji elmlər doktoru, professor qadındır.
  2002-ci ilin 4 yanvarında Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü – akademik seçilmişdir. 2000 və 2003-cü illərdə Azərbaycan Müəllimləri Qurultaylarına nümayəndə seçilmişdir.
  Rəfiqə Şahgül qızı Mustafayevanın rəhbərliyi ilə 14 nəfər müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
  O, 5 nəfərin doktorluq, 13 nəfərin isə namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur.
  R.Ş. Mustafayeva 45 elmi əsərin redaktorudur. Onun 24 kitabı, 220-yədək jurnal və qəzet məqaləsi çap olunmuşdur.
  Rəfiqə Mustafayevanın 2 övladı, 3 nəvəsi, 4 nəticəsi var.
 
Kitabları:
  • "Orta məktəbdə ədəbiyyat tədrisi", I və II hissələr, Bakı, Maarif, 1975,
  • "IX sinif üçün Ədəbiyyat müntəxəbatı”, Bakı, Maarif, 1985,
  • "Yeni vətəndaş tərbiyəsində proqram, dərslik və müəllimin rolu", Bakı, 1992,
  • "Əliheydər Şirin oğlu Həşimov (biblioqrafik göstərici),", Bakı, 1994,
  • "Təlim prosesində milli xüsusiyyətlərin nəzərə alınması", Bakı, 1994,
  • "Pedaqogika.Ümumi pedaqogika üzrə mühazirə xülasələri", Bakı, 2002,
  • "80 yaşın işığında: pedaqoji elmlər doktoru, professor Əliheydər Şirin oğlu Həşimovu xatırlayarkən", Bakı, 2004,
  • "Ömürlərə nur paylayanlar", Bakı, 2006,
  • "Günəş evi-tərbiyə məktəbi", Bakı, 2007,
  • "Mir Cəlalın hekayələrində tərbiyə məsələləri", Bakı, 2008,
  • "Son 20 ildə çap olunanlardan nümunələr", Bakı, 2011,
  • "Gənclər siyasəti XXI əsrdə: Ali məktəb tələbələrinin tərbiyəsinin bəzi məsələləri".
 
Təltifləri:
  • 1970 - “Fədakar Əməyə görə” medalı
  • 1971 - Qırmızı Əmək Bayrağı ordeni
  • 1988 - “Əmək veteranı” medalı
  • 1995 - “Xan qızı Natəvan” diplomu
  • 1995 - “Akademik Mehdi Mehdizadə mükafatı” laureatı
  • 1996 - TC Samsun Milli Egitim Bakanlığı tərəfindən fərqləndirilmişdir
Keçidlər