AZƏR KƏRİM OĞLU ALLAVERƏNOV
Azər Kərim oğlu Allahverənov 20 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatıdır. 2021–2025-ci illərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, 2015–2023-cü illərdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri olmuşdur. 2020-ci ildən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, 2024-cü ildən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, 2025-ci ildən isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibidir.1989-cu ildə Bakı şəhəri Nəsimi rayonu 152 saylı orta məktəbi bitirmişdir. 1990–1996-cı illərdə Kazan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almış, tarixçi və tarix müəllimi ixtisasına yiyələnmişdir. 1989–1990-cı illərdə Bakıdakı Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətində radio-lokasiya stansiyasının operatoru, 1991–1992-ci illərdə Kazanda rabitəçi-teleqrafçı kimi hazırlıq keçmişdir.
Əmək fəaliyyətinə 1989-cu ildə başlamışdır. Müxtəlif illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi, Kazan Dövlət Universiteti, “Olimp” təmir-tikinti kooperativi, Azərbaycan Gənclər İttifaqı, Uşaq və Gənclərin Xeyriyyə Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və “Həyat” Beynəlxalq Humanitar Təşkilatında rəhbər vəzifələrdə çalışmışdır.
1997–2002-ci illərdə Bakıdakı ali təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərmiş, 1999–2001-ci illərdə Odlar Yurdu Universitetində Sosial və ictimai fənlər kafedrasının müdir müavini və baş müəllimi olmuşdur.
2002-ci ildə “Vətəndaş cəmiyyətinin qərarlaşmasında ictimai sektorun inkişafı vacib amildir (sosial-fəlsəfi təhlil)” mövzusunda dissertasiya müdafiə etmiş, 2004-cü ildə sosial fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Müəllifi olduğu 70-ə yaxın elmi məqalə, kitab və metodik tövsiyələr əsasən sosial-humanitar və miqrasiya sahələrini əhatə edir.
İctimai fəaliyyətə 1988-ci ildən başlamışdır. 1991–1993-cü illərdə Kazanda fəaliyyət göstərən “Oğuz” cəmiyyətində sədr müavini olmuşdur. 1999-cu ildə Azərbaycan Milli QHT Forumunun yaradılmasında Təşkilat Komitəsinin üzvü kimi iştirak etmişdir. 2000–2010-cu illərdə miqrasiya sahəsində fəaliyyət göstərən 40-dan çox QHT-ni birləşdirən “Miqrasiya məsələləri ilə məşğul olan Azərbaycan QHT-lərinin Forumu”nun icraçı direktoru olmuşdur. 2009–2024-cü illərdə ABŞ Dövlət Departamentinin insan alveri üzrə illik hesabatlarının hazırlanmasında milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.
2009–2020-ci illərdə “Avrasiya Vətəndaş Təşəbbüsləri Platforması” İctimai Birliyinin təşəbbüs qrupuna rəhbərlik etmişdir. 2010–2014-cü illərdə “Sülh və Tərəqqi naminə Dialoq” konsorsiumunun təsisçisi və icraçı direktoru olmuşdur. 2021–2023-cü illərdə “Azərbaycan – 2030: Sosial və İqtisadi Tərəqqi Naminə” QHT Koalisiyasına rəhbərlik etmiş, 2023–2025-ci illərdə Miqrasiya Əməkdaşlıq Platformasının Əlaqələndirmə Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərmişdir. 2022–2024-cü illərdə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzdə miqrasiya üzrə milli ekspert kimi çalışmışdır.
2024-cü ilin sentyabrında keçirilən növbədənkənar seçkilərdə 29 saylı Sabunçu dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Təltifləri arasında “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017)” yubiley medalı (2017), “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı (2019), “Tərəqqi” medalı (2021), COP29 konfransında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin Təşəkkürnaməsi (2024), Türk Milli Polisinin və Türk Polis Tədqiqatları İnstitutunun Fəxri Fərmanı (2007), Dövlət Miqrasiya Xidmətinin fəxri fərmanları (2019, 2021, 2023) və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı (2025) yer alır.
Ailəlidir, iki övladı var.














