Bakı bərk məişət tullantılarının yandırılması zavodunun açılışı
19 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı bərk məişət tullantılarının yandırılması zavodunun açılışında iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, müəssisənin tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilmişdir. Zavod 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə Fransanın “Cnim” şirkəti arasında imzalanan müqaviləyə əsasən inşa edilmişdir. Bu sahədə dünyanın ən aparıcı şirkətlərindən biri olan və 50 illik təcrübəyə malik “Cnim” bir çox ölkələrdə, xüsusilə də Avropada 120-dən çox bu tipli zavod tikmişdir. Müəssisənin təməli 2009-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.
Bildirildi ki, 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən bu zavodun 20 illik istismarı da “Cnim” tərəfindən həyata keçiriləcəkdir.