Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanışlıq
28 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına ötən müddətdə layihə əsasında görülən işlər barədə ətraflı məlumat verdi.
Azərbaycan Prezidentinə stadionun müxtəlif görüntüləri təqdim edildi. Bildirildi ki, tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunur.
Qeyd edildi ki, Bakı Olimpiya Stadionunun loqosu da mükəmməlliyi ilə diqqəti cəlb edir. Stadionun inşasında bu sahədə dünyada mövcud olan ən qabaqcıl təcrübədən istifadə edilir.
Diqqətə çatdırıldı ki, stadionun yerləşdiyi ərazi inşaat işləri üçün Azərbaycan Dövlət Neft Şirkətinin tikinti təşkilatları tərəfindən hazırlanmışdır. Layihənin icrasına 2012-ci ilin noyabrından başlanmışdır.
2011-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan və 70 min tamaşaçı tutumu olacaq Bakı Olimpiya Stadionu ən müasir standartlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin bir çox hissəsi həyata keçirilmişdir. Burada əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina inşa olunur. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulmuşdur. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Beynəlxalq Olimpiya normativlərinə əsasən tamaşaçıların stadiona daha çox ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri nəzərdə tutulur.
Məlumat verildi ki, ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaqdır. Stadionun ətrafında əsaslı abadlıq və geniş həcmdə yaşıllaşdırma işləri aparılacaqdır.
Tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.