Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışı
19 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalı biznesinin inkişaf etdirilməsi məqsədilə tikilən zavod ölkəmizdə bu sahədə ilk pilot layihədir. Müasir avadanlıq əsasında qurulan zavodun illik istehsal gücü 200 min tondur. Yeni müəssisənin səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verir.
Bildirildi ki, müəssisədə çeşidləmənin aparılması nəticəsində təkrar emala yararlı materiallar ayrılacaq, tullantıların ümumi həcmi azalacaq, bu da ucuz xammal bazarının formalaşmasına, ölkədə təkrar emal sahəsinin genişlənməsinə imkan yaradacaqdır.