Maştağa-Bilgəh yolunun, Nardarandakı Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışı
21 iyun 2016-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.
Prezident İlham Əliyevin 2016-cı il 7 mart tarixli Sərəncamı ilə əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 qəsəbəni birləşdirir. Uzunluğu 9 kilometr olan bu yolun hərəkət hissəsinin eni əvvəllər 7 metr idi. Yolun asfalt-beton örtüyünün yararsız vəziyyətə düşməsi, səkilərin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişində problemlər yaradırdı. Tikinti işləri zamanı yolun eni 9,5 metrə qədər genişləndirilib. Bundan başqa, yol yatağının deformasiyaya uğramış hissələri bərpa edilib, köhnə asfalt-beton örtüyü yenilənib.
Maştağa-Bilgəh avtomobil yolunun kənarlarında 1 və 2 metr enində səkilər tikilib, yeni işıq dirəkləri və yol nişanları qoyulub. Bu yolun yenidən qurulması ilə nəqliyyat vasitələrinin inşası davam edən Dənizkənarı dairəvi və Zabrat-Maştağa-Buzovna avtomobil yollarına rahat və maneəsiz çıxışı təmin olunub.