Nardarandakı “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanışlıq
21 iyun 2016-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub.
“Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi Azərbaycanın ən qədim dini məbədlərindən biridir. VIII əsrdə inşa olunan bu ziyarətgah əhali və dövlət tərəfindən bu günədək qorunub saxlanılıb.
Qeyd edək ki, 1994-cü ildə ulu öndər Heydər Əliyev bu müqəddəs məkanı ziyarət edib.
Azərbaycan Prezidentinin dini və tarixi abidələrə qayğıkeş münasibəti burada da hiss olunur. Prezident İlham Əliyev 1998-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışarkən bu ziyarətgahda olub. Dövlətimizin başçısının həmin vaxt bu müqəddəs məkan üçün 10 hektar torpaq sahəsinin ayrılması barədə qaldırdığı təşəbbüs nəticəsində ziyarətgahın ərazisi xeyli genişlənib. Prezident İlham Əliyev, həmçinin 2004-cü ildə bu dini kompleksə hədiyyələr təqdim edib.
“Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.