Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanışlıq

6 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bünyad Qasımov: Cənab Prezident, bu, yeni işıqlandırma sistemidir.

Prezident İlham Əliyev: Qənaətlə işləyir?

Bünyad Qasımov: Cənab Prezident, bunlar yerli, Azərbaycanda istehsal olunan divarüstü işıqlardır. Bütün kənd 100 faiz tam işıqlıdır.

Prezident İlham Əliyev: İşıqlandırılıb. İş yerləri də yaradılıb.

Bünyad Qasımov: 300 iş yeri artıq mövcuddur. Planlaşdırmışıq, ilin sonuna qədər 450-yə qədər iş yeri açdıraq.

Bildirildi ki, Ramana qəsəbəsində yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divar və dam örtükləri yenilənib, küçələrin işıqlandırılması həyata keçirilib. Qəsəbənin Həsənbəy Zərdabi, Xanlar, Mirzəağa Əliyev, Əbdürrəhim bəy Haqverdiyev və qəbiristanlıq ətrafı küçələri tamamilə yenilənib. Həmçinin ərazi tullantılardan təmizlənib.

Diqqətə çatdırıldı ki, Ramana qəsəbəsi Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək abidələrlə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid olduğu bildirilən Ramana qalası yüksək nöqtədə yerləşir. Ehtimal edilir ki, divarlarının hündürlüyü 15 metr olan qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Məşhur “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib.

Dövlətimizin başçısı qalada aparılan bərpa işləri ilə tanış oldu.

Ramananın qədim abidələrindən biri də Novruzqulu hamamıdır. Prezident İlham Əliyevə bu qədim hamam barədə də məlumat verildi. Bildirildi ki, keçmişdə hamamda dörd quyu fəaliyyət göstərsə də, indi onlardan üçü mövcuddur. Novruzqulu Babakişi oğlunun adını daşıyan hamam Abşeron yarımadasında yeganə tikilidir ki, onun sənədləri toplanıb və təsdiqlənib. Hamamın binasında keyfiyyətli bərpa işləri görülüb.

Qeyd edilib ki, Ramanada yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, qəsəbənin ekoloji vəziyyəti prioritet məsələlərdən biri olub.

Dövlətimizin başçısına Ramanada əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, qəsəbədə xalçaçılıq müəssisəsi və satış mağazası açılıb. Yaradılan yeni iaşə və xidmət obyektlərində məhsulların istehsalı və satışı həyata keçirilir. Bu obyektlər müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlarla təchiz olunub.

Məlumat verildi ki, Pirşağıda hazırlanan quru meyvələrin satışı da Ramanada həyata keçiriləcək. Səyyar satış obyektləri və köşklərin quraşdırılması ilə məşğulluğun artırılmasına nail olmaq, həmçinin yerli əhali və turistlərin ehtiyaclarını qarşılamaq mümkündür.

Ramanada reallaşdırılan layihələrdən biri də vertikal bağçılıq layihəsidir. Layihənin məqsədi özünəməşğulluğun artırılmasına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir.

Dövlətimizin başçısı Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət etdi.

Keçidlər