Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışı
25 noyabr 2016-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında iştirak edib.
Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biri olaraq daim diqqət mərkəzindədir. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlər yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və digər sosial məsələlərin həlli istiqamətində atılan mühüm addımlardan biri oldu. Yararsız vəziyyətdə olan yaşayış binalarının yerində Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni layihələr əsasında ən müasir standartlara uyğun yeni binaların tikilməsi paytaxtımızda növbəti sosial layihələrin uğurlu icrasına start verəcək.
Qeyd edək ki, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, 23 ünvanında yerləşən yaşayış binası 1901-ci ildə neftçilər üçün inşa edilmiş və uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü.
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Nazirlər Kabineti “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli Qərar qəbul edib. Həmin Qərara əsasən, rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi ilə əlaqədar qeyd olunan qəzalı binada yaşayan 34 ailə - 147 sakin kirayə haqları ödənilərək binadan köçürülüb. 2015-ci il dekabrın 24-də onun yerində “Pilot layihə” formatında 10 mərtəbəli, iki və üç otaqlı 80 mənzilli yeni yaşayış binasının inşasına başlanılıb.
Dövlətimizin başçısı binadakı mənzillərdə yaradılmış şəraitlə tanış oldu.