Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı

24 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında iştirak etmişdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirdi ki, nazirliyin tabeliyində olan, əvvəllər Gənc Əlillərin Əmək və İstirahət evi adlanan bu müəssisə 1990-cı ildə 2 nömrəli internat evinin bazasında yaradılmışdır. Müxtəlif sahələrdə əmək vərdişləri qazanmaq üçün ayrı-ayrı bölgələrdən buraya gələn əlillər sonralar yaşadıqları rayonların Ermənistan tərəfindən işğal olunduğuna, həmçinin ailə qurduqlarına görə burada məskunlaşıblar.
Məlumat verildi ki, 2011-ci ildə burada əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır. Əsas məqsəd əlilliyi olan şəxslərin səmərəli peşə hazırlığını təmin etmək üçün müvafiq şəraitin yaradılması idi.
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi əsas və çoxfunksiyalı binadan ibarətdir. Tibbi korpusda sağlamlıq imkanları məhdud gənclər reabilitasiya keçəcəklər. Korpus ən müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Mərkəzin digər korpusunda ayrı-ayrı bölgələrdən gələn əlillərin qalması üçün 53 otaq vardır. Bu otaqların hamısında yüksək şərait yaradılmışdır. Mərkəzdə kompyuter, toxuculuq, xalçaçılıq, rəssamlıq və digər sahələr üzrə peşə hazırlığı, həmçinin musiqi və bədii yaradıcılıq otaqları vardır.
Mərkəzdə hər kurs müddətində 200 gəncin peşə hazırlığı təmin ediləcəkdir. Ümumiyyətlə, il ərzində mərkəzdə 800-dən çox şəxs peşə hazırlığına cəlb olunacaqdır. Mərkəz əlilliyi olan gənclərin peşə reabilitasiyasını təmin etməklə onların məşğulluğu üçün imkanlar yaradacaqdır.
Keçidlər