Yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılışı
15 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, məktəbin köhnə binası 1936-cı ildə hərbi hospital kimi fəaliyyət göstərib. Burada indiyədək heç vaxt əsaslı təmir işləri aparılmayıb. 2014-cü ilin noyabrından bu tədris ocağının əsaslı surətdə yenidən qurulmasına başlanılıb və yüksək standartlara uyğun şəkildə başa çatdırılıb.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Diqqətə çatdırıldı ki, yenidənqurma və əsaslı təmir işləri çərçivəsində məktəbin əsas binası sökülərək əvəzində yenisi inşa olunub, əlavə korpus isə əsaslı təmir edilib. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Sabunçu rayonunda təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Üçmərtəbəli binanın yeni korpusunda 22, əlavə korpusunda isə 18 sinif otağı var. Burada fizika, kimya, biologiya, informatika, hərbi hazırlıq fənn kabinetləri, əmək təlimi otaqları var. Məktəbin binasında kitabxana, akt və idman zalları, linqafon, tibb, musiqi və rəsm otaqları yaradılıb. Otaqların hamısı müasir avadanlıq və əyani vəsaitlərlə təchiz edilib.
Məktəbdə tədris bir növbədə aparılacaq. Burada Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 930-a yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 75 müəllim məşğul olur.