Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun yenidənqurmadan sonra açılışı
26 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına Zabrat dairəsi-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, birinci dərəcəli yolun uzunluğu 8 kilometrdir. Mövcud yol əvvəllər dar olduğu üçün hərəkətin intensivliyinin təmin olunmasında problemlər yaranır, tıxaclara səbəb olurdu. Yenidənqurmadan sonra yolun hərəkət hissəsinin eninin 15 metrə çatdırılması burada avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaratmışdır. Yol dörd hərəkət zolağından ibarətdir. Bu avtomobil yolu da Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yenidən qurulmuşdur.
Zabrat dairəsi-Kürdəxanı-Pirşağı avtomobil yolu bundan əvvəl istifadəyə verilən Sabunçu dairəsi-Zabrat-Maştağa-Buzovna avtomobil yolu ilə birlikdə 200 mindən çox əhalisi olan Kürdəxanı, Pirşağı, Zabrat, Maştağa, Buzovna, Zuğulba, Bilgəh, Lahıc Bağları, Novxanı, Nardaran və bu yolların xidmət dairəsində olan digər yaşayış məntəqələrini birləşdirəcəkdir. Bununla yanaşı, bu yol tikintisi davam etdirilən Bilgəh-Pirşağı-Bentonit dairəsi yolu ilə birləşdirilərək adı çəkilən kənd və qəsəbələrin yol-nəqliyyat problemini həll edəcəkdir.