Zabrat qəsəbəsində əlillər üçün sosial reabilitasiya mərkəzlərinin və sığınacaqların açılışı
29 dekabr 2016-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zabrat qəsəbəsində əlillər üçün sosial reabilitasiya mərkəzlərinin və sığınacaqların açılışında iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin inşası Nazirlər Kabinetinin müvafiq sərəncamları əsasında aparılıb.
Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan Prezidenti, xanımı və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış oldular.
Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin binasının foyesində ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən fotostend yaradılıb. Mərkəz tədris, üzgüçülük və idman zalı korpuslarından ibarətdir. Binada konfrans zalı və sərgi salonu var. Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslərin əl işləri sərgi salonunda nümayiş etdirilir. Bina görmə imkanı məhdud şəxslər üçün nəzərdə tutulmuş səsli sistemin olduğu liftlə də təchiz edilib. Mərkəzdə 12 çarpayılıq 4 palata, camaşırxana, metodika və stolüstü oyunlar otaqları da yaradılıb. Binada Brayl əlifbasının tədrisi, Brayl yazı nəşrləri, səsli nəşrlər, adaptasiya avadanlığı və ondan istifadənin öyrədilməsi üçün otaqlar da müasir səviyyədədir. Mərkəzdə rəqs və musiqi məşğələləri, həmçinin kompüter, biblioqrafik icmal, iri şrift otaqları və zəngin kitabxana da buraya gələnlərin ixtiyarına veriləcək.
Kompleksin 2800 kvadratmetrə yaxın tədris korpusunda okulist, terapevt, oftalmoloq, psixoloji təhlil, masaj, ayaq hissiyyatının artırılması və əl ağacından istifadəyə dair təlim, görmə imkanı məhdud şəxslərin vizual təsəvvürünün və yaddaşının inkişafı üçün təlim otaqları, həmçinin yeməkxana yaradılıb.
İdman korpusunda isə oyunlar zalı, təlimatçı və həkim otaqları var. Zalda görmə imkanı məhdud şəxslər idmanın müxtəlif növləri ilə məşğul ola bilərlər. Mərkəzin üzgüçülük korpusu da müasir səviyyədədir. Burada 25 metr uzunluğunda hovuz yaradılıb.
Ərazidə inşa olunan binaların hamısı mərkəzləşdirilmiş isti su, havalandırma sistemləri ilə təchiz edilib, iki su çəni, elektrik təchizatı üçün transformator yarımstansiyası quraşdırılıb. Bütün korpuslar müasir mebel, inventar və digər avadanlıqla təchiz olunub. Ərazidə geniş abadlıq-quruculuq işləri aparılıb.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaqda yaradılan şəraitlə tanış oldular.