Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

17 fevral 2017 | 20:00
18 fevral 2017-ci il tarixdə Sabunçu qəsəbəsi, 311 nömrəli tam orta məktəbin akt zalında  Sabunçu rayonunun 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Dilarə Cəbrayılova, Eldar Quliyev, Fazil Mustafa, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, RİH başçısı Aparatının məsul işçiləri, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Sabunçu Rayon İcra Hakimiyyətinin  inzibati binasının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Daha sonra 311 nömrəli tam orta məktəbin foyesində rayonda fəaliyyət göstərən sənaye müəssisələrin istehsal etdikləri məhsullarından ibarət təşkil edilmiş sərgiyə baxış keçirildi.
Hesabat yığıncağı Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri və hesabat dövründə əldə olunan nailiyyətlərdən bəhs edən filmin nümayişi ilə başladı.
Tədbirdə ilk öncə hesabat məruzəsi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi və gərgin əməyi sayəsində 2016-cı il Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması kimi tarixə düşdüyünü bildirdi. A.Vəliyev qeyd etdi ki, 2016-cı il ərzində Sabunçu rayonunun iqtisadi və sosial sahələrində də dinamik inkişaf davam etmiş, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
10 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət başçısı geniş nitqlə çıxış edərək 2016-cı ildə görülmüş işləri hərtərəfli təhlil etmiş və sonrakı dövrdə həyata keçiriləcək sosial-iqtisadi siyasətin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş və həmin vaxtdan Sabunçu rayonunda Proqramın icrasına başlanmışdır. Dövlət proqramı çərçivəsində Sabunçu rayonu ərazisində 74 bənddən ibarət çox mühüm sosial və iqtisadi yönümlü obyektlərin tikintisi, yolların salınması, əhalinin elektrik enerjisi, su, qaz və istilik təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkələrinin yaradılması istiqamətində konkret tədbirlərin görülməsi üzrə əsas işlərin böyük hissəsi artıq başa çatdırılmışdır.
2016-cı il ərzində rayonun sosial-iqtisadi inkişaf planına uyğun olaraq Respublikanın mərkəzi dövlət orqanlarının, eləcə də rayonun daxili imkanları hesabına da rayon ərazisində sosial əhəmiyyətli obyektlərin tikintisi və abadlıq işlərinin aparılması davam etdirilmişdir.
Belə ki, 2016-cı ilin sentyabr ayının 15-də cənab Prezidentin iştirakı ilə Sabunçu qəsəbəsində inşa edilmiş 311 saylı tam orta məktəbin 970 şagird yerli, 3 mərtəbəli yeni binasının açılış mərasimi olmuşdur. Bundan başqa yeni dərs ili ərəfəsində 67, 68, 75,78,170,188, 305 saylı tam orta məktəblərdə əlavə korpusların, sinif otaqlarının və digər obyektlərin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Nardaran və Pirşağı qəsəbələrində 3 çıxışlı yanğından mühafizə bölmələrinin inzibati binaları və Pirşağı qəsəbəsində 226 saylı körpələr evi-uşaq bağçasının tikintisi də başa çatdırılaraq istifadəyə verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli, 50 yerlik ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və 50 yerlik Sosial sığınacaq, eləcə də gözdən əlillər üçün 4 mərtəbəli Tədris Bərpa Mərkəzi, Zabrat qəsəbəsində 3 çıxışlı yanğından mühafizə bölməsi, Sabunçu qəsəbəsi, Şəhər şossesi, 5-ci döngədə yerləşən 8 saylı qəzalı binanın yerində inşa edilmiş 3 mərtəbəli yaşayış binasında tikinti işləri başa çatdırılmışdır.
Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına sahəsi 1,7 ha olan istirahət parkının, Nardaran qəsəbəsində Muğam Mərkəzi-Mədəniyyət evi, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət evinin, Maştağa qəsəbəsində 9 saylı körpələr evi-uşaq bağçasının sökülərək yenidən tikilməsi, Bakıxanov qəsəbəsində 105 və 254 saylı körpələr evi-uşaq bağçalarının və Bilgəh qəsəbəsində 11 saylı internat məktəbinin əsaslı təmiri davam etdirilir.
Bundan əlavə 2016-cı ildə rayonun Bakıxanov, Sabunçu, Zabrat və digər qəsəbələrində bir sıra ticarət, ictimai iaşə, xidmət və s. obyektlərdə inşa edilərək istifadəyə verilmişdir ki, bunların sayəsində xeyli yeni iş yerləri açılmaqla əhaliyə yüksək səviyyədə ticarət, iaşə və digər xidmətlər göstərilməkdədir.
2015-ci ilin sonlarından Nardaran qəsəbəsində sakinləri narahat edən sosial məsələlərin həllinə, geniş abadlıq işlərinin, küçə və yolların yenidən qurulmasına başlanılmışdır. Qısa müddət ərzində orada Sabunçu Rayon Polis İdarəsinin 42 saylı Polis Bölməsi, Sabunçu Dövlət Təhlükəsizlik Xidmətinin Nardaran bölməsi, “Azərişıq” ASC-nin Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin Nardaran sahəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsi və RİHB-nın Nardaran qəsəbəsi üzrə nümayəndəliyi üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.
“Azəravtoyol”ASC tərəfindən qəsəbənin əsas küçələrindən olan Abşeron və M.F.Axundzadə (N.Əsgərov) küçələrinin genişləndirilməsi və yenidən quruluması ilə əlaqədar ümumilikdə 138 həyətyanı sahədə daş hasarlar və 16 qeyri-yaşayış sahəsi sökülərək müasir tələblərə uyğun yenidən tikilmiş, həmin yollar 16-18 metrə qədər genişləndirilərək asfaltla örtülmüşdür.
Bildiyiniz kimi, Möhtərəm Prezident cənab İlham Əliyev 2016-cı il iyun ayının 21-də Nardaran qəsəbəsində olmuş, qəsəbədə aparılan abadlıq-quruculuq işləri, eləcə də əsaslı təmirdən çıxmış və yenidən qurulmuş Rəhimə xanım Məscid-ziyarət kompleksi, yeni salınmış yol infrastrukturu ilə tanış olmuş, daha sonra yerli sakinlərlə görüşüb onların istək və arzularını dinləmişdir. Bizlərə isə öz tövsiyyə və tapşırıqlarını vermişdir. Cənab Prezidentin göstərişinə əsasən Rayon İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsində yeni 2 mərtəbəli mədrəsənin tikintisinə başlanılmışdır və hazırda davam etdirilir.
Rayonda aparılan abadlıq işləri hesabat dövründə də davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsi,  M.Fətəliyev küçəsi 72, S.Qocayev küçəsi 126, Ş.Kamilov küçəsi 15/74, E.Xəlilov küçəsi 2 saylı binaların məhəllədaxili ərazilərində qeyri-qanuni tikililər, qarajlar, çəpərlər sökülərək ərazidən çıxarılmış, burada 25 ədəd müasir tipli yüngül konstruksiyalı işıq dirəkləri quraşdırılmış, 630 metr uzunluğunda səki daşları yenilənmiş, 5000 kv.m-ə yaxın əraziyə asfalt örtüyü vurularaq  3 yeni nümunəvi həyət yaradılaraq sakinlərin istifadəsinə verilmişdir.
Hal-hazırda Sülh küçəsi 14/1, 14/2, R.Axundov küçəsi 15, 17, 19 saylı ünvanlarda abadlıq işləri aparılaraq burada qanunsuz inşa edilmiş primitiv tikililər, qarajlar, çəpərlər sökülərək ərazidən çıxarılmış və 4 yeni nümunəvi həyətin salınmasına başlanılmışdır.
Bildiyiniz kimi, “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 saylı Qərarına əsasən rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikintisi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə 5 il müddətinə əlavə vəzifələr həvalə edilmişdir və artıq bu qərarın icrası ilə bağlı xeyli işlər görülmüşdür. Beləki Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsi, 23 saylı ünvanda kəskin qəza vəziyyətində olmuş yaşayış binası sökülərək yerində 10 mərtəbəli, 80 mənzilli binanın tikintisi başa çatdırılaraq noyabr ayının 25-də Möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi 39 və 39a, S.Mehmandarov küçəsi 17, 19 və Mədəniyyət küçəsi 28 ünvanlarında da köhnə binalar sökülərək onların yerində 5 yeni, 12 mərtəbəli yaşayış binalarının tikintisinə başlanılmışdır.
2016-cı ildə daxili imkanalar hesabına rayonda çoxmənzilli binalarda təmir-bərpa işlərinin aparılması da davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4, 13, S.Mehmandarov küçəsi 8, 4090/94-cü məhəllə ev 2/6 saylı binaların fasadlarında təmir işləri artıq başa çatdırılmış, Sülh küçəsi 2/7 və 2/20, S.Qocayev küçəsi 126 saylı binalarda isə hal-hazırda təmir-bərpa işlər davam etdirilir. Gələcəkdə qəsəbənin R.Axundov küçəsi 13, Sülh küçəsi, məhəllə 1/1, 1/2 saylı binalarda da təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.
Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 9-166 saylı ünvanlarda yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı həmin ərazidən keçən kommunikasiya xətlərinin yeri dəyişdirilmiş, yol genişləndirilərək asfalt örtüyü vurulmuş, işıq dirəkləri quraşdırılmışdır. Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində salınan istirahət parkına diametri 25 mm olan borularla 350 m. uzunluğunda yeni su xətti çəkilmiş, 20 ədəd müasir tipli işıq dirəkləri quraşdırılıb, 480 m. uzunluğunda kabel çəkilmiş, 1085 m. uzunluğunda bardür qoyulmuş, 3400 kv.m. tamet döşənmişdir. Ramana qəsəbəsi, D.Bünyatzadə küçəsi 23 saylı ünvanda tikintisi başa çatmış yaşayış binasının həyətində abadlıq işləri aparılaraq burada da 500 m. uzunluqda kanalizasiya xətti, 100 m. uzunluqda su xətti çəkilmiş, 570 kv.m. tamet döşənmiş, 160 m. uzunluğunda bardür düzülmüşdür. Yaşayış binasının həyətində uşaq əyləncə meydançası, sakinlərin istirahəti üçün kölgəliklər və oturacaqlar quraşdırılaraq istifadəyə verilmişdir.
Dövlət proqramı və digər mənbələr hesabına rayonun mərkəzi və məhəllədaxili yollarının təmir edilərək asfaltlanması davam etdirilmişdir.
Bildiyiniz kimi müraciətimiz əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Sabunçu-Ramana avtomobil yolunun tikintisi üçün “Azəravtoyol” ASC-yə 1,6 milyon manat ayrılmışdır. Hazırda nəzərdə tutulmuş həmin tikinti-bərpa işləri tam başa çatdırılmışdır. Bundan əlavə uzunluğu 11,5 km. olan Yeni Suraxanı-Ramana-Maştağa avtomobil yolunda da tikinti-bərpa işləri başa çatdırılaraq, 08 dekabr 2016-cı il tarixdə cənab Prezidentin iştirakı ilə istifadəyə verilmişdir.
O da qeyd edilməlidir ki, cənab Prezident ötən il ərzində 5 dəfə Sabunçu rayonunda olmuş, bu və digər sosial əhəmiyyətli obyektlərin, yolların açılış mərasimlərində iştirak etmiş, sakinlərlə görüşmüşdür. Rayonumuza göstəridiyi bu diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə rayon ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk.
Rayon İcra Hakimiyyəti Başçısının qəsəbələr üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən də qəsəbələrdə daxili imkanlar hesabına bir sıra küçə və yollar abadlaşdırılaraq asfaltla örtülmüşdür.
Ümumilikdə rayonun daxili imkanları hesabına qəsəbədaxili küçə və yollara cari ilin əvvəlindən cəmi 119,5 min kv.m-ə yaxın asfalt örtüyü vurulmuşdur.
Beləliklə, 2016-cı il ərzində bütün mənbələr hesabına rayonda küçə və yollara cəmi 395,0 min kv.m-ə yaxın yeni asfalt örtüyü vurulmuşdur. Bu işlər 2017-ci ildə də davam etdiriləcək.
Bunlarla yanaşı, mərkəzi yolların ətrafında və məhəllədaxili sahələrdə xeyli yaşıllaşdırma işləri də görülmüşdür. Belə ki, Bakıxanov qəsəbəsi, S.Mehmandarov və M.Fətəliyev küçələri boyu salınmış xiyabanın kənarlarına piyadaların təhlükəsizliyi məqsədi ilə 2950 m. uzunluğunda məhəccərlər quraşdırılaraq, 8820 kv.m. yaşılot örtüyü vurulmuşdur.
Bakıxanov qəsəbəsi, R.Qəmbərov və Ş.Kamilov küçələrinin kəsişdiyi yol ayrıcını birləşdirən yerdə nəqliyyat vasitələrinin hərəkət dairəsi inşa edilərək dairənin mərkəzi hissəsinə 1000 kv.m. Y.Əliyev küçəsində salınmış parkda 3100 kv.m. yaşıl ot örtüyü salınmışdır ki, bununla da rayon üzrə salınmış yaşıl örtüklərin ümumi sahəsi 71200 kv.m.-ə çatdırılmışdır.
Cari ilin əvvəlindən rayonun Balaxanı, Zabrat, Maştağa, Ramana, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində 4500-dən çox həmişə yaşıl ağac və kollar əkilmişdir.
Ekoloji tədbirlər planına uyğun olaraq rayonun Zabrat, Sabunçu, Kürdəxanı, Pirşağı və digər qəsəbələrin ərazilərində olan süni göllərin qurudulması, Balaxanı Əməliyyat Şirkəti və “Azgerneft” MMC-nin balansında olan neftlə çirklənmiş torpaqlarda rekultivizasiya işlərinin aparılması üzrə işlər davam etdirilmişdir.
Hesabat dövründə rayonun mərkəzi, qəsəbədaxili küçə və yollarının, məhəllədaxili ərazilərin işıqlandırılması sahəsində də xeyli işlər görülmüş 535 ədəd müasir dirəklər quraşdırılmaqla 21360 m. uzunluğunda yeni kabel xətləri çəkilmişdir. Yerlərdə keçirilən görüşlərdə və RİH-ə daxil olan müraciətlərdən də göründüyü kimi hələ bu sahədə görüləsi işlər çoxdur.
2016-cı ildə əhalinin elektrik enerjisi, qaz, su təchizatının daha da yaxşılaşdırılması, rabitə və digər xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə xeyli işlər görülmüşdür və hazırda da davam etdirilir ki, bu barədə geniş məlumat verilməsinə ehtiyac duymuram. Bunları biz gündəlik həyatımızda əyani şəkildə görürük.
Bildiyiniz kimi 2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının əsas Qanunu olan Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi barədə Ümumxalq səsverməsi-referendum keçirildi. Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Sabunçu rayonunda da referendum hər üç dairə seçki komissiyası və 112 seçki məntəqəsində heç bir pozuntu qeydə alınmadan, mövcud qanunvericilik və seçki məcəlləsinin tələblərinə uyğun olaraq yüksək fəallıqla keçirildi.
Rayon İcra Hakimiyyəti il ərzində öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
2016-cı il ərzində İcra Hakimiyyəti Aparatına cəmi 7536 sənəd, məktub və ərizə daxil olmuşdur ki, bunların da 5181-i vətəndaşların ərizə və müraciətlərinə aid olmuşdur.  O da qeyd edilməlidir ki, 2016-cı ildə ərizə və müraciətlərin sayı 2015-ci ildəkindən 7,2 faiz (349 müraciət) çox olmuşdur. İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 430 nəfər qəbul edilmiş, keçirilmiş səyyari görüşlərdə isə 3500 nəfərdən çox sakin iştirak etmiş və 220 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməkliklər göstərilmiş, izahatlar verilmişdir.
Edilmiş müraciətlər əsasında il ərzində vətəndaşlara İcra Hakimiyyəti, nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə müxtəlif məqsədlər üçün 150 min manata yaxın maddi yardımlar göstərilmişdir.
Bundan başqa hüzn günləri, bayram və digər əlamətdar günlər münasibətilə rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir.
Hesabat yığıncağında, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, millət vəkili Fazil Mustafa, “Bakıxanov Rezidens” Komplekslər Qrupunun icraçı direktoru Fuad Əliyev məruzə ətrafında çıxış etdilər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək respublikanın sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərin təhlilini verdi və Sabunçu rayon ictimaiyyətinə uğurların davamlı olmasını arzuladı.
Sonra RİHB Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənli Sabunçu rayonunun 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr haqqında qərar layihəsini oxudu.
RİHB Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Məhəmməd Əsədov rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciəti oxudu.
Hesabat yığıncağının sonunda Sabunçu rayonunun ictimai-siyasi həyatında aktiv və səmərəli fəaliyyəti ilə seçilən bir qrup şəxsə Rayon İcra Hakimiyyətinin fəxri fərman və mükafatları təqdim olundu.
Keçidlər