Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ramazan bayramı münasibəti ilə tədbir keçirildi

25 iyun 2017 | 20:00

26.06.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Müqəddəs Ramazan bayramı münasibəti ilə “Ülvi” şadlıq sarayında tədbir keçirildi. Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, başçısının müavinl Avtandil Hüseyn-zadə, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Rayon Mühafizə İdarəsinin rəisi Əşrəf Allahyarov, Aparatın şöbə müdirləri, icra nümayəndələri və əməkdaşları, bələdiyyə sədrləri, Böyük Vətən Müharibəsi əlilləri, 20 Yanvar əlilləri, Çernobıl əlilləri və aztəminatlı ailələr iştirak etdilər.
Tədbir ilk olaraq Bakıxanov qəsəbəsi, “İmam Rza” məscidinin axundu, dini icmanın sədri Əmirxan Tahirov tərəfindən “Qurani-Kərim”dən olan ayələrin və Ramazan ayının duasının oxunması ilə başlandı. Ə.Tahirov islamda Ramazan ayının digər aylardan üstün hesab olunduğunu bildirərək, “Qurani-Kərim” kitabının məhz bu ayda - Qədr gecəsində nazil olduğunu qeyd etdi.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev  tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edərək, hər birinə ən səmimi arzu və diləklərini yetirdiyini bildirdi. Milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən də Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayıdır. Bu ay ərzində ölkəmizdə təşkil olunan iftar süfrələri də ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir. A.Vəliyev Ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini vurğulayaraq, Müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu bildirərək bu ənənənin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırdı və dövlətimizin həmişə aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsinə xüsusi diqqət yetirdiyini qeyd etdi.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı ərəfəsində rayon ərazisində məskunlaşmış şəhid ailələrinə, Qarabağ müharibəsi əlilərinə və aztəminatlı ailələrə 1000 ədəd ərzaq bağlamaları ilə köməklik göstərilmiş və bu qəbildən olan 1800-dən çox soydaşımız  rayonun 10 qəsəbəsində təşkil olunan iftar süfrələrində iştirak etmişlər.

Keçidlər