Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2017-ci ilin doqquz ayı ərzində sosial - iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı və 18 oktyabr - Dövlət Müstəqilliyi günü ilə bağlı tədbir keçirildi

16 oktyabr 2017 | 20:00
   17 oktyabr 2017-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2017-ci ilin doqquz ayı ərzində sosial - iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iclası giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 9-da 2017-ci ilin doqquz ayında ölkədə sosial-iqtisadi sahədə görülən işləri təhlil edərək qarşıdakı mərhələlərin yeni hədəflərini elan etmişdir.
   Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, doqquz ayın sosial-iqtisadi inkişafının yekunları təsdiqləyir ki, ölkədə makro-iqtisadi sabitlik tam təmin edilib.
Belə ki, 2017-ci ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard dollara yüksəlib. Qeyri-neft iqtisadiyyatı 2,5 faiz, kənd təsərrüfatı 2,8 faiz, qeyri-neft sənayesi isə 3,1 faiz artıb, 226 min yeni iş yeri yaradılıb. İlin əvvəlindən xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir.
Sosial infrastrukturla bağlı siyasət də uğurla davam etdirilmiş, 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib, təmir edilib, 700 km-dən çox içməli su xətti çəkilib. Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində olub.
   Azərbaycanın iqtisadi sahədəki uğurları Davos Dünya İqtisadi Forumunun hesablamalarında da öz əksini tapıb. Ölkəmiz bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb. Beləliklə, 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabət qabiliyyətini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabət qabiliyyətli ölkələr sırasındadır. Bu ölkəmiz üçün böyük uğur və tarixi nailiyyətdir.
Hesabat dövründə Sabunçu rayonunun sosial-iqtisadi sahələrində də inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə rayonun 2017-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 2017-ci ilin doqquz ayında rayonun sənaye müəssisələri və idarələri tərəfindən faktiki qiymətlərlə 303,5 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 25,2 faiz çoxdur. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 1,88 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər 294 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 63,7 faiz artaraq 150,6 milyon manat təşkil etmişdir.
   İlin əvvəlindən rayonun idarə və müəssisələri, eləcə də özəl qurumlarda cəmi 3221 yeni iş yeri açılmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 8,2 faiz artaraq 486,5 manat, o cümlədən sənaye sahəsində əmək haqqı 7,9 faiz artaraq 605, 8 manat olmuşdur. Dövlət Sosial Müdafiə Fondu Sabunçu Rayon şöbəsi tərəfindən cari ilin əvvəlindən 31661 nəfər pensiyaçıya xidmət göstərilmişdir. İş axtarmaq məqsədi ilə rayon Məşğulluq Mərkəzinə 2593 nəfər müraciət etmiş, onlardan 1111 nəfəri işlə təmin olunmuşdur.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li Qərarı ilə  “Pilot layihə” çərçivəsində RİH-nə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı xeyli işlər görülmüşdür. Beləki, Ramana qəsəbəsi, Bünyadov küçəsindəki 23 saylı qəzalı yaşayış evi sökülərək yerində yeni 10 mərtəbəli, 80 mənzilli, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsindəki 39 saylı binanın yerində isə hərəsində 61 mənzil olmaqla iki yeni 10 mərtəbəli müasir yaşayış binası tikilərək istifadəyə verilmişdir. Hazırda Bakıxanov qəsəbəsi, Mehmandarov 17, 19, Mədəniyyət küçəsi 28 ünvanlarında olan 2 və 3 mərtəbəli çoxmənzilli binalar sökülmüş, sakinlər kirayə mənzillərə yerləşdirilmişdir və hal-hazırda orada yeni binaların tikintisi davam etdirilir. Eyni zamanda Sabunçu qəsəbəsi, Xəstəxana ətrafı və Əsədullayev küçələrindəki köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və hazırda sənədləşdirmə işləri aparılır.
   Cari ilin əvvəlindən rayon ərazisində bir sıra sosial obyektlərin tikintisi və ya təmiri işləri də davam etdirilmişdir. Bakıxanov qəsəbəsindəki 74 saylı orta məktəb əsaslı təmir edilib, idman zalı tikilərək 5 sentyabr 2017-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Pirşağı qəsəbəsindəki 26 saylı uşaq bağçasının tikintisi, Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidən qurulması və əsaslı təmiri, Bakıxanov qəsəbəsindəki 105 saylı uşaq bağçasının əsaslı təmiri başa çatdırılmışdır və həmin obyektlər 1 mart və 11 sentyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Birinci – vitse Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir. Maştağa qəsəbəsindəki 9 saylı uşaq bağçasının tikintisi başa çatdırılmışdır və hazırda orada tamamlama işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayon İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsində müasir tipli mədrəsənin tikintisi davam etdirilir, Mədəniyyət Nazirliyi tərəfindən isə Nardaran Mədəniyyət evi, Muğam Mərkəzi və kitabxana binasının, eləcə də Hacı Ağa Abbasov adına Maştağa Mədəniyyət evinin tikintisi başa çatdırılmışdır.
   Fərəhləndirici haldır ki, cari ilin əvvəlindən cənab Prezident İlham Əliyev 3 dəfə rayonumuzda olmuş, müxtəlif sənaye, sosial obyektlərin açılışında iştirak edərək sakinlərlə görüşmüş, öz tapşırıq və tövsiyyələrini vermişdir.
   Cari ilin əvvəlindən rayon ərazisində abadlıq-quruculuq işləri davam etdirilmiş, yaşıllıqlar salınmış, yeni istirahət güşələri yaradılmışdır. Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində rayon icra hakimiyyətinin daxili imkanları hesabına sahəsi 1,7 ha olan istirahət parkının yenidən qurularaq abadlaşdırılması işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Bakıxanov qəsəbəsinin çoxmənzilli yaşayış evlərinin ərazisində 11 nümunəvi həyətin salınması başa çatdırlmış, hazırda isə qəsəbənin Nazim İsmayılov 1,3,4 saylı, Xasməmmədov 5 və Y.Əliyev 22, 22a, 24, 24a saylı  binaların ərazisində 3 yeni nümunəvi həyətlərin salınması işlərinə başlanılıb. Bütün bu işlər həmin sahələrdəki primitiv tikililər, köhnə dəmir qaraj və çəpərlər yığışdırılmaqla həyata keçirilir. Eyni zamanda Sülh küçəsi 14/1 və 14/2 və R.Qəmbərov küçəsi 26 və 28 saylı evlərdə yaşayan sakinlərin müraciətləri nəzərə alınaraq orada yeni xeyir-şər evlərinin inşasına başlanmışdır və hazırda tamamlama işləri aparılır.
   Çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində bu abadlıq işləri ilə yanaşı, həmin ərazilərdə 44,5 min kv.m asfalt örtüyü vurulmuş, 8300 ədəd səki daşı-bardür düzülmüş, hər həyətdə 9-10 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmış, onlarla günlük və oturacaqlar qoyulmuşdur. Bu və digər sahələrdə 9 ay ərzində 2330 kv.m yaşıl ot örtükləri salınaraq rayon üzrə yaşıl ot örtüklərinin ümumi sahəsi 72150 kv.m-ə çatdırılmışdır. Bundan əlavə 22 minə yaxın həmişəyaşıl ağac, kol və güllər əkilərək onlara gündəlik qulluq göstərilmişdir.
   Cari ilin əvvəlindən “Azəravtoyol” ASC, BŞİH, RİH və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 175 min kv.m-ə yaxın yeni asfalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir.
   İlin əvvəlindən rayonun mərkəzi və daxili küçə və yollarında, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə ciddi nöqsanlara yol verilməmişdir.
Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır. Qış mövsümünə hazırlıqla bağlı bu sahələr üzrə, xüsusilə, istilik təchizatı sahəsində nəzərdə tutulmuş bütün işlər vaxtında başa çatdırılmalıdır.
   Hər il olduğu kimi, 2017-ci ilin yanvar ayı ərzində bütün qəsəbələrdə sakinlərin iştirakı ilə RİHB-nın, qəsəbələr üzrə nümayəndəliklər və bələdiyyələrin 2016-cı ildə görülən işlərə həsr olunan yığıncaqları keçirilmiş, sakinlərin arzu və istəkləri dinlənilmişdir. Həmin görüşlərdə qaldırılan məsələlərin həlli daim diqqət mərkəzində olmuşdur, nəzarətə götürülmüşdür.
   Cari ilin yanvar ayında Maştağa qəsəbəsində keçirilmiş səyyar görüşdə məhz sakinlərin xahişi nəzərə alınaraq qəsəbənin “Savalan” adlandırılan yeni yaşayış massivində Heydər Əliyev Fondunun dəstəyi ilə 960 şagird-yerlik məktəb binasının layihə-smeta sənədləri hazırlanaraq tikintisinə başlanmışdır.
   Rayon İcra Hakimiyyəti 2017-ci ilin əvvəlindən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
   Cari ilin doqquz ayı ərzində İcra Hakimiyyəti Aparatına cəmi 5779 sənəd, məktub, ərizə daxil olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz (136 sənəd) çoxdur. O da qeyd edilməlidir ki, 2017-ci ilin 9 ayı ərzində daxil olmuş 4108 ərizə və şikayətlərin 1479-u və ya 36 faizi şəhərsalma və tikinti məsələləri ilə bağlı olmuşdur.
   Rayon İcra hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 310 nəfər qəbul edilmiş, keçirilmiş səyyar görüşlərdə isə 2300 nəfərdən çox sakin iştirak etmiş və 67 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməkliklər göstərilmiş, izahatlar verilmişdir.
   Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz”, “Ramazan” bayramları, “Faşizm üzərində Qələbə Günü”, “Respublika Günü”, “Milli Qurtuluş Günü”, “Milli Dirçəliş Günü”, “Qurban bayramı” və digər əlamətdar günlər münasibətilə rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir.
   Sonra isə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunub və Ulu Öndər Heydər Əliyevin fərmanı ilə həmin ildən etibarən 18 oktyabr-Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur. A.Vəliyev bu gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi və bildirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.  İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
     Tədbirdə 271 nömrəli tam orta məktəbin direktoru Məmmədov Səməndər müstəqilliyin əldə olunması tarixindən bəhs edərək Azərbaycanın keçdiyi çətin mübarizədən söz açdı və müstəqilliyin əbədi olmasını arzu etdi.
Keçidlər