Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2017-2018-ci tədris ilinin yekununa həsr olunan Təhsil konfransı keçirildi

15 sentyabr 2018 | 20:00
  16.09.2018-ci il tarixdə Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində yeni inşa olunan 28 nömrəli tam orta məktəbdə 2017-2018-ci tədris ilinin yekununa həsr olunan Təhsil konfransı keçirildi.
   Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu söylədi. Qeyd olundu ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf, yeniliklər daim müşahidə olunur. Belə təhsil müəssisələrinin yaradılması bunun göstəricilərindən biridir. Bütün bunlar Prezident cənab İlham Əliyevin təhsilə diqqət və qayğısının nəticəsidir. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı olmuşdur. Qəbul olunmuş dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi də əsas istiqamətlərdən biri kimi qeyd edilməlidir.
   Sonra İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Sabunçu rayonu üzrə 2017-2018-ci tədris ilinin yekunu barədə məlumat verdi. Bildirildi ki, rayon üzrə 62 min 739 şagirddən 2787-si məzundur. 2296 abituriyent ali məktəbə sənəd verib. 1594 nəfər ali məktəblərə qəbul olmuşdur ki, bu da 69,4 faiz təşkil edir. İki abituriyent isə maksimum bal - 700 bal toplayıb.
   Konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev bildirdi ki, 2018-ci il Azərbaycan dövləti üçün çox əhəmiyyətli ildir. Bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inkişaf var. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən işlər təqdirəlayiqdir. Ötən dövr ərzində tikilən təhsil müəssisələrinin sayı 3700-ə qədərdir. Savalan yaşayış massivində bu günlərdə açılışı olmuş 28 nömrəli tam orta məktəbdə də şagirdlər və müəllimlər üçün gözəl şərait yaradılıb. Bütün bunlar onun göstəricisidir ki, ölkə Prezidenti təhsil sahəsinə daim diqqət və qayğı ilə yanaşır.
   Milli Məclisin deputatı Fazil Mustafa ölkəmizdə bu günlərdə keçirilən mühüm tədbirlərin əhəmiyyətinə toxundu. Bildirdi ki, Azərbaycanda “Bilik günü” qeyd olunmaqla yanaşı, Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilmişdir. Hər iki əlamətdar hadisə ölkə tarixində mühüm əhəmiyyət kəsb edir.
   Konfransda digər çıxış edənlər də ölkəmizdə ildən-ilə inkişaf edən təhsil sahəsində uğurlu nailiyyətlərin əldə olunduğunu vurğuladılar.
   Daha sonra ali məktəblərə qəbul zamanı yüksək bal toplamış abituriyentlər və 2017-2018-ci tədris ilində nailiyyətlər əldə etmiş direktorlar Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırıldılar.
Keçidlər