Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bir illik fəaliyyətinə həsr olunmuş tədbir keçirildi

07 aprel 2019 | 20:00
  08.04.2019-cu il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin birillik fəaliyyətinə həsr olunmuş tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, millət vəkilləri Eldar Quliyev və Dilarə Cəbrayılova, Bakı Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və rayonun ictimai-siyasi fəalları iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev bildirdi ki, Azərbaycan xalqı hər zaman öz iradəsinin səsinə səs verərək bütün seçkilərdə Prezident cənab İlham Əliyevi dəstəkləyir: “Bu, bilavasitə Heydər Əliyev ideologiyasının inkişafına və bu inkişafın Prezident cənab İlham Əliyev tərəfindən uğurlu davamına göstərilən xalq dəstəyidir. Azərbaycan tərəqqi yolundadır və cənab İlham Əliyevin nəinki bir illik fəaliyyəti, bütövlükdə Respublikaya rəhbərliyini əks etdirən bütün dövrlər davamlı inkişaf və uğurlar dövrü kimi müasir tariximizə həkk olunub”.
  A.Vəliyev bütün bölgə və şəhərlərin sürətli inkişaf etdiyini bildirərək Sabunçu rayonunda da aparılan işlərdən bəhs etdi və xüsusilə gəncləri fəal olmağa, Prezident İlham Əliyev cənablarının ətrafında daha sıx birləşməyə çağırdı.
  YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva da öz növbəsində bildirdi ki, bir il öncə Azərbaycan xalqı prezident seçkilərində fəallıq göstərərək cənab İlham Əliyevə səs verməklə Azərbaycanın daha güclü inkişafına səs verdi: “Hər bir azərbaycanlı gənci yaxşı bilir ki, bu günün inkişafı asan yolla əldə olunmayıb. Çünki bu inkişaf üçün çox zəhmətlər çəkilib, böyük işlər həyata keçirilib. Bu, bilavasitə Prezident cənab İlham Əliyevin Azərbaycan xalqına, ölkəmizə olan sonsuz məhəbbətindən irəli gələn gerçəklikdir. Əlbəttə ki, Sabunçu rayonunun da sakinləri seçkilərdə kifayət qədər fəallıq göstərdilər və bu gün bir daha əmin oldular ki, Azərbaycan inkişaf və tərəqqi yolunu davam etdirir, qarşıda isə ondan da nəhəng qələbə və zəfərlər bizləri gözləyir”.
  Digər çıxış edənlər - millət vəkilləri Eldar Quliyev, Dilarə Cəbrayılova, eləcə də Bakı Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev Prezident cənab İlham Əliyevin birillik fəaliyyətinə toxunaraq qeyd etdilər ki, son bir ildə görülən işlər, həyata keçirilən beynəlxalq miqyaslı layihələr əslində bir neçə ilin uğurlu işlərini özündə birləşdirir və analoqu olmayan bu siyasət məhz ölkə başçısı tərəfindən reallaşdırılır.
 
Keçidlər