Sabunçu rayonunun əsası 1920-ci ildə qoyulmuşdur, 1958-ci ildən “Lenin rayonu” adını daşıyırdı. 29 aprel 1992-ci ildən Lenin rayonunun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır.
Sabunçu rayonu 10 inzibati qəsəbədən ibarətdir:
Bakıxanov qəsəbəsi . Ərazisi 12 kv.km-dir. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, “Stepan Razin qəsəbəsi” adı verilmiş və 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır.
Sabunçu qəsəbəsi. Ərazisi 25 kv.km-dir. Qəsəbənin yaranması 1790-1800-ci illərə təsadüf edir, o vaxtlar orada yaşayan əhalinin əksəriyyəti əkinçilik, bağcılıq, heyvandarlıqla məşğul olardılar.
Maştağa qəsəbəsi qədim tarixə malik Maştağa kəndi Abşeronun ən iri yaşayış məskənlərindən sayılır. Ərazisi 44 kv.km-dir. Abbasqulu Bakıxanov özünün “Gülüstani – irəm” əsərində Maştağa kəndinin adının toponimini “massaqet” türk tayfalarının adından yaranmasını fikrini tarixi faktlarla irəli sürərək göstərmişdir ki, massaqetlər eradan əvvəl IX-X əsrlərdə Xəzər dənizinin şimalında və cənubunda, həmçinin Xəzərsahilinin ərazisində yaşamışlar (tayfanın adı: masqet, masqut, masqət və nahayət Maştağa olub). Maştağa Bakıda ən çox məsçidi olan kənddir.
Zabrat qəsəbəsinin ərazisi 20 kv.km-dir. Tarixçilərin araşdırmalarına görə V-XI əsrlərdə türk tayfalarının Azərbaycana II axını zamanı köç etmiş “Sabir” tayfasının adı ilə bağlıdır. Sabirlər yaşayan yerin mənası olmaqla Sabirat deyilib, sonralar “İ” hərifi düşərək Sabrat, “Z” hərifi “S” hərifi ilə əvəz edilərək Zabrat kimi deyilməyə başlanıb.
Balaxanı qəsəbəsi 1385-ci ildə yaranmış, ərazisi 19 kv.km-dir. Qəsəbə rayonun Sabunçu, Zabrat qəsəbələri, Binəqədi və Abşeron rayonu ilə sərhəddə yerləşir. Hələ 1594-cü ildə balaxanı kənd sakini Allahyar Məmməd Nuru oğlu öz həyətində əl ilə dayaz quyu qazmış və neft çıxarmış, 1871-ci ildə Ağarza Mirzəyev Balaxanı qəsəbəsində sənaye üsulu ilə qazdığı quyu 42 m dərinlikdən neft fantanı vurmuşdur.
Ramana qəsəbəsinin ərazisi 28 kv.km-dir. Ramana sözünün mənası “ram-ram” etmək, uzaqdan görünən “cəlb edən” mənasında işlənilir. Belə ki, Ramana kəndinin yerləşdiyi ərazi şərqdən, qərbdən və şimaldan qalxan Xəzər terrasını əmələgətirən təpəli yaylada yerləşir.
Pirşağı qəsəbəsinin ərazisi 19 kv.km-dir. Qəsəbə rayonun Kürdəxanı qəsəbəsi və Abşeron rayonu ilə sərhəddə yerləşməklə ərazisinin böyük hissəsi Xəzər dənizi sahili təşkil edir. Qəsəbədə əhalinin ilk məskunkaşması XV əsrə aid edirlər ki, bu da kənddə olan Hacı Əbu-Salam hamamının XV əsrdə tikilməsi tarixdir.
Bilgəh qəsəbəsi rayonun Nardaran, Maştağa Kürdəxanı qəsəbələri Xəzər rayonu ilə sərhəddə yerləşməklə ərazisinin böyük hissəsi Xəzər dənizi sahili təşkil edir. Ərazisi 21 kv.km-dir. Görkəmli tarixçi Sara Aşurbəylinin əsərlərində göstərilir ki, XVIII əsrin əvvəllərində Bilgəhdə yaşamış Bilgəh adlı türk tayfanın adı ilə qəsəbəyə Bilgəh adı verilmişdir. Tarixi Mənbələrə əsasən XIII-XIV əsrlərdə Bilgəhdə Şirvanşahların hərbi keşikçiləri olmuş, qəsəbə liman kimi şöhrət qazanmışdır.
Kürdəxanı qəsəbəsinin ərazisi 27 kv.km-dir. Qəsəbə rayonun Pirşağı, Zabrat, Maştağa qəsəbəsi və Abşeron rayonu ilə sərhəddə yerləşir. Kürdəxanı adı fars dilində “Kord-kord” sözündən götürülməklə pıçaqdüzəldən yer deməkdir. Keçmişdə Kürdəxanıdan Qubaya gələn karvan yolu Sobran (pıçaqlı yolu) Kürdəxanı kəndini məhşurlaşdırmışdır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq, heyvandarlıqdır.
Nardaran qəsəbəsi rayonun Maştağa, Bilgəh qəsəbələri ilə sərhəddə yerləşməklə ərazisi 29 kv.km-dir.