Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaq

 
 

   Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir.
   Qışda qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin müvafiq təşəbbüs əsasında müvəqqəti sığınacaqla təmin olunması işləri aparılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın yaradılması artıq bu sahədə maddi-texniki bazanın formalaşmasına və müəyyən yaşayış yeri olmayan şəxslərin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində sosial sığınacaqda yerləşdirilməsi, onların sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı istiqamətində tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə, eyni zamanda onların sosial reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunmasına təminat yaradıb.
   Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın Nizamnaməsinə əsasən, Azərbaycan Respublikasının daxili işlər orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər müəyyən edilir və onların Sosial Sığınacağa qəbul edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət olunur. Müraciətə əsasən “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınmaqla və həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş meyarlar əsasında Fond tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur.
   Sosial Sığınacağa qəbul edilməsi barədə müraciət edilmiş şəxslər ilkin tibbi müayinədən keçirilirlər. İlkin tibbi müayinə zamanı sağlamlığı aşkar şübhə doğuran şəxslər stasionar müalicə müəssisəsinə (ixtisaslaşdırılmış müalicə müəssisəsinə) göndərilir, yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmirlər. Reabilitasiya prosesi başa çatmış şəxslər müəssisədən çıxarılırlar və onların sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisədə arxivləşdirilir. Ümumilikdə, müvafiq şəxslərin müəssisədə qalma müddəti 180 gündən çox olmamaqla müəyyən edilib, lakin şəxsin ərizəsinə əsasən və ya Sosial Sığınacağa qəbul edilmiş şəxs tərəfindən daxili nizam-intizam qaydaları pozulduqda o, müəssisənin direktorunun əmri ilə vaxtından əvvəl Sosial Sığınacaqdan çıxarıla bilər.
   Saxlanma müddəti başa çatmış şəxsin əlilliyi vardırsa və ya pensiya yaşına çatmış şəxsdirsə, o öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər. Sosial Sığınacağı tərk edən şəxslərin məşğulluğuna köməklik göstərilməsi məqsədilə müəssisə onların şəxsiyyətini təsdiq edən sənədin surətini, peşə bacarıqlarına dair arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq rayon (şəhər) Məşğulluq Mərkəzinə göndərəcək.
 
Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq
Zabrat qəsəbəsi
Zabrat-Pirşağı yolu 1-ci  km. 33a
İşçi sayı 39
Direktor
İbrahimov Anar
 

 

Keçidlər