Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbəsi

 
Baba Babazadə - geoloq-neftçi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
geologiya-minerologiya elmləri doktoru (1962),
Sosialist Əməyi Qəhrəmanı (1944) , SSRİ Dövlət Mükafatları Laureatı (1947)
 
 
  Baba Babazadə 1911-ci ildə Bakıda anadan olub. N.Nərimanov adına Sənaye texnikumunu, 1934-cü ildə isə Azərbaycan Sənaye İnstitutunu (hazırki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib.
  Görkəmli geoloq-neftçi, AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru B.Babazadə ölkəmizin neft tarixində müstəsna rol oynamış alimlərimizdəndir. Buzovna-Maştağa, Zirə, Kürsan, Qaradağ, Neft Daşlarının Şimal-Şərq qanadında və digər yerlərdə zəngin neft yataqlarının kəşfi onun adı ilə bağlıdır. Bundan əlavə o, dənizdə və quruda neft hasil edən yeni bazaların yaradılmasında da fəal iştirak edib ki, bu da Azərbaycanda qaz sənayesinin təməlinin qoyulmasına əsaslı təkan verib.
  B.Babazadə həm də neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı işlərində yeni metodların yaradıcılarındandır. Müxtəlif torpaq suxurlarında neft və qaz yataqlarının yerləşməsinin qanunauyğunluqları barədə B.Babazadənin elmi əsərlərində geniş bilgilər toplanıb. Məhz bu ideyalar bütün Sovet İttifaqının neft rayonlarında düzgün geoloji kəşfiyyat işlərinin aparılması istiqamətində nəzəri baza rolunu oynayıb.
  1944-cü ildə SSRİ və Azərbaycan neftçiləri arasında ilk dəfə olaraq B.Babazadəyə Sosialist Əməyi Qəhrəmanı adı verilib.
  1953-1962-ci illərdə Azərneft Birliyinin baş geoloqu işləmişdir.
 
 

Mirkazım Məmmədov — Lenin mükafatı laureatı, geologiya-mineralogiya elmləri namizədi,
SSRİ-nin fəxri neftçisi, Azərbaycan respublikasının əməkdar mühəndisi
 
 
  Azərbaycanın qocaman neftçi-geoloqu, əməkdar mühəndis, Lenin mükafatı laureatı, fəxri neftçi, geologiya-minerologiya elmləri namizədi Mirkazım Mirəhəd oğlu Məmmədov 1911-ci ilin noyabr ayında Bakının Ramana kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirərək, neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnmişdir.
  M. Məmmədov ömrünün 60 ildən çoxunu neft sənayesində çalışmışdir. Bu müddət ərzində Azərbaycanın quru sahələrində və Xəzər dənizi akvatoriyasında zəngin neft və qaz yataqlarının (Neft daşları, Bahar, Qumadası, Zirə, Qaradağ, Qarabağlı və b.) açılmasında işlənilməsi və mənimsənilməsində mühüm rolu olmuş və böyük əmək tələb edən yaradıcılıqla həmin işlərə rəhbərlik etmişdir.
  Geoloji işlərdə rəhbər vəzifələrdə çalışarkən Mirkazım Mirəhəd oğlu özünü neft geologiyası sahəsində dərin bilikli və bacarıqlı mütəxəssis, işgüzar rəhbər kimi göstərmiş və Azərbaycanda neft sənayesinin inkişafına böyük əmək sərf etmişdir.
  Bütün bu xidmətlərinə görə Mirkazım Məmmədov ən yüksək dövlət mükafatlarına layiq görülmüşdür. O, Lenin mükafatı laureatı, bir sıra orden və medallar ilə təltif olunmuşdur.
  Neft yataqlarında geoloji işlərə və işlənmənin texnologiyasına rəhbərlik etməklə yanaşı o, bu sahələrdə geniş elmi-tədqiqat işləri aparmış və yüksək ixtisaslı kadrların hazırlanmasında fəal surətdə rəhbərlik etmişdir. 1953-cü ildən başlayaraq   Azərbaycan Sənaye İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, 1964-1974-cü illərdə həmin institutun geoloji-kəşfiyyat fakültəsində Dövlət imtahan komissiyasının sədri olmuşdur.
  M.M.Məmmədovun böyük elmi-tədqiqat işləri 1974-1990-cı illərdə, Azərbaycan Neft Sənayesi Elmi Tədqiqat və Layihə İnstitutunda laboratoriya müdiri işlədiyi vaxtda daha da inkişaf etmişdir.
  Bu dövrdə onun rəhbərliyi altında bütün “köhnə” neft yataqları üçün yeni texnoloji layihələr hazırlanmışdır. O, onlarla elmi məqalələrin, iki monoqrafiyanın, bir çox ixtira və səmərələşdirici təkliflərin müəllifidir.
  M.Məmmədov öz istedadı, zəhmətsevərliyi, təvazökarlığı ilə bütün neftçilər kollektivinin dərin hörmət və rəğbətini qazanmışdır.
Görkəmli alim 1996-ci ilin sentyabrında vəfat etmişdir.
 
 

Vəliyev Süleyman Vəli oğlu —1939-cu ildən Yazıçılar Birliyinin üzvü,
Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (04.01.1977), əmək veteranı (1976),
Əməkdar incəsənət xadimi (1987), Müharibə veteranı (1981)
 
 
  Vəliyev Süleyman 1916-cı il dekabrın 21-də Bakı yaxınlığındakı Ramana qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası – Məşədi Vəli Ramana kəndinin maşılılar nəslindən idi. Sovetlərə qədər kəndin imkanlı evlərinə aid idilər. İnqilabdan əvvəl bolşevik Həmid Sultanov Ramana neft mədənlərində işlərkən onların həyətində kirayədə yaşamışdı.
  S. Vəliyev Ramana məktəbində səkkiz illiyi yüksək qiymətlərlə bitirmişdi. Deyilənlərə görə uşaqlıqdan oturaq işlərə, yazıb-oxumağa, xəyalpərəstliyə meylli olmuşdur. Səkkizillikdən sonrakı təhsilini məşhur «Qulam şqolası»nda almışdır. Dövrün aparıcı məktəblərindən olan bu təhsil ocağında bilik toplamaq Süleymana ədəbi yaradıcılıqla məşğul olmaq üçün kifayət etmişdir. 30-cu illərdə neft mərkəzi olan Sabunçu rayonunun məktəbləri Mədəni İnqilabın əsas ocaqları idi. Burada ədəbiyyat, dram və musiqi dərnəkləri var idi. Sonralar S. Vəliyev bu məktəbin müdiri haqqında «Qulam müəllim» oçerkində bəhs etmişdir.
  Süleyman Vəliyevin «Əmanət kassası» adlı ilk hekayəsi 1932-ci ildə «Hücum» jurnalında çap olunmuşdur. Ədəbi mühitə çox tez və asan, fəhlə kadrı kimi daxil olan Süleyman Vəliyev 1937-ci ildə hərbi qulluğa çağırılana qədər Lökbatanda çıxan az tirajlı «Neft uğrunda» qəzetində jurnalistlik fəaliyyətinə başlamışdır.
  Yazıçının 21 yaşında – 1937-ci ildə yazıb çap etdirdiyi «Bığlı ağa» povesti həmin ildə «Azərnəşr»də ayrıca kitabça şəklində çapdan çıxdı. Bu Süleymanı həmişəlik ədəbiyyata bağladı, ədəbi mühitdə tanıtdı. O, bir müddət «Azərbaycan gəncləri», «Kommunist» qəzetlərinin müxbiri oldu, «İnqilab və mədəniyyət» jurnalında ədəbi işçi oldu.
  1937-ci ilin payızında Süleyman hərbi xidmətə çağırıldı. 1939-cu ilin oktyabrınacan Ukraynada hərbi xidmətdə oldu. O, xidmətə başladıqdan az sonra Sovet qoşunları əvvəllər Polşa ərazisinə daxil olan Qərbi Ukrayna vilayətlərinə, Lvov şəhərinə daxil olmuşdu.
  Yazıçının hərbi xidmətdən qayıtdığı 1940-cı ilin oktyabrında Süleyman Vəliyev xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri oldu.
 
1970-80-ci illər yaradıcılığı
  S.Vəliyev Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyir. Öz nəsrində Sibiri, müharibə dövrünü və partizanları təsvir olunurdu. 80-ci illərin əvvəllərində yazıçı öz xatirələrini «Qanadı qırıq quş da uçarmış» adı ilə çap etdirdi. Yazıçının Sibir sürgünündə gördüyü həqiqi faciələr bu sənədli povestdə böyük qüvvə ilə, sənədli dəqiqliklə əksini tapmışdı. Əsərdə əksini tapan həyat faktları bizim ədəbiyyatımız üçün tamam təzə idi, tarixi həqiqətlərin bədii formada bərpası kimi ədəbi əhəmiyyət kəsb edirdi. Bu romanda yazıçının şəxsi faciəsi öz inandırıcılığı ilə uydurma və bəzəkli müharibə nəsrinin şablonlarını təkzib edirdi. 1994-cü ildən Azərbaycanın Günahsız Siyasi Qurbanlar Assosiasiyasının rəyasət heyətin üzvü idi. Onun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunur. Bədii yaradıcılığında tərcümə də mühüm yer tutur. Azərbaycan Rəyasət heyətinin fəxri fərmanı (1967-1986), "Xalqlar dostluğu" ordeni (1984) və medallarla təltif olunmuşdur.
  Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakı şəhərində 80 yaşında vəfat etmişdir. Məzarı İkinci Fəxri Xiyabandadır.
 
Əsərləri
  • 1. Bığlı ağa. Bakı: Azərnəşr, 1937, 93 səh.
  • 2. Şor cüllutu (hekayə). Bakı: Uşaqgəncnəşr, 1939, 64 səh.
  • 3. Molla Məmiş və sandıq. Bakı: Uşaqgəncnəşr, 1939, 28 səh.
  • 4. Səadət yollarinda (povest, hekayə və oçerklər). Bakı: Azərnəşr, 1957, 204 səh.
  • 5. Şor cüllutu (hekayə). Bakı: Uşaqgəncnəşr, 1957, 88 səh.
  • 6. Əncir ağacı (hekayələr, xatirələr). Bakı: Uşaqgəncnəşr, 1959, 102 səh.
  • 7. Mübahisəli şəhər (roman). Bakı: Azərnəşr, 1962, 259 səh.
  • 8. Bir səhənk su. Bakı: Azərnəşr, 1963, 89 səh.
  • 9. Məhəbbət buzu əridir. Bakı: Azərnəşr, 1964, 92 səh.
  • 10. Seçilmiş əsərlər. Bakı: Azərnəşr, 1966, 535 səh.
  • 11. Düyünlər (roman). Bakı: Azərnəşr, 1970, 259 səh.
  • 12. Gül dəstəsi. Bakı: Gənclik, 1972, 190 səh.
  • 13. Mübahisəli şəhər (roman və povest). Bakı: Azərnəşr, 1974, 382 səh.
  • 14. Düyünlər (hekayələr, povestlər, roman). Bakı: Gənclik, 1978, 472 səh.
  • 15. Həyatın dadı (povest və hekayələr). Bakı: Gənclik, 1980, 276 səh.
  • 16. Daşlı bulaq (roman). Bakı: Gənclik, 1983, 356 səh.
  • 17. Secilmiş əsərlər (iki cilddə). I cild. Bakı: Yazıçı, 1983, 518 səh.
  • 18. Secilmiş əsərlər (iki cilddə). II cild. Bakı: Yazıçı, 1983, 436 səh.
  • 19. Daşlı bulaq. Bakı: Yazıçı, 1987, 688 səh.
  • 20. "Qanadı sınmış quş" da uçarmış. Bakı: Gənclik, 1989,
Tərcümələri
  • 1. A. Qaydar. Hərbi sirr, malciş-kibalçiş və onun möhkəm sözü haqqında nağıl. Bakı: Azərnəşr, 1938, 19 səh.
  • 2. S. Marşak. Petruşka. Bakı: Uşaqgəncnəşr, 1939,
  • 3. M.Q. Mixaylovski. Tyoma və Juçka. Bakı: Uşaqkəncnəşr, 1953, 16 səh.
  • 4. V.Vasilevskaya. Söyüdlü arx. Bakı: Uşaqkəncnəşr, 1962, 60 səh.
Filmoqrafiya
  • 1. Məhəmməd Füzuli (film, 1958)
  • 2. İlk müjdələr (film, 1960)
  • 3. Yeddiilliyin adamları və illəri (film, 1960)
  • 4. Bizim mayaklar (film, 1961)
  • 5. Neft Akademiyası (film, 1974)
  • 6. Qara gölün cəngavərləri (film, 1984)
Keçidlər