Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaran qəsəbəsi

 
Məmmədbağır Bağırzadə  — müğənni, bəstəkar,
Azərbaycanın xalq artisti (2002)
 
  Məmmədbağır Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir.
  Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir.
  Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olmuşdur. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.
 
Repertuarı
  • Səməni nazlı gəlin (Şəkərbura-paxlava) - söz və musiqi: Məmmədbağır Bağırzadə
  • Hülya - söz və musiqi: Məmmədbağır Bağırzadə
  • İstəmir məni - musiqi: Məmmədbağır Bağırzadə, söz: Əliağa Vahid
  • Darıxıram sənin üçün - musiqi: Məmmədbağır Bağırzadə, söz: Ə. Şahin
  • Sən gəlməz oldun - musiqi: Ələkbər Tağıyev, sözlər: Mədinə Gülgün
  • Azərbaycan oğluyam - musiqi: Ələkbər Tağıyev, sözlər: Hafiz Baxış
  • Gecə yaman uzundur - musiqi: Firəngiz Babayeva, sözlər: Fikrət Qoca
  • Sənli günlərim musiqi: Oqtay Kazımi, sözlər: Ruzigar Əfəndiyeva
  • Tello musiqi: Oqtay Kazımi, sözlər: Vahid Əziz
  • Bağban - musiqi: Ş. Fazil
  • Nəvə - musiqi: Zivər Ağayeva
  • Muğam
  • Dilkeş təsnifi
  • Naz-naz
  • Dözə bilmədim
  • Qudam
 
 
 
Hacı Şeyx Muhəmməd Əmin Nardarani (Şeyx Ağa)
 
  Şeyx Muhəmməd Əmin təqribən 1850-ci illərin ortalarında Bakının ən qədim кəndlərindən biri оlаn Nardarandа Molla Eyvaz Əli kişinin evində dünyaya göz açmışdır. İlk təhsilini doğma kəndində aldıqdan sonra 10-12 yaşlarında evdən xəbərsiz Məkkə şəhərinə gedən karvana qoşulub İrana gedir.
  Bir neçə gün Şeyx Muhəmməd Əmini axtardıqdan sonra məlum olur ki o, təhsilini davam etdirmək üçün İrana gedib. Bu ayrılığa dözməyən anası Zəhra Xatun dünyasını dəyişir. Şeyx Muhəmməd Əmindən gələn ilk məktubdan bir neçə gün sonra atası Molla Eyvaz Əli kişi də dünyasını dəyişir. Şeyx Muhəmməd Əminin dayısı oğlu o vaxtın dövlətli şəxslərindən olan Hacı Muhəmməd Hüseyn hər il onun üçün qızıl pul göndərirmiş.
  Bir müddət orada təhsil aldıqdan sonra Şeyx Muhəmməd Əmin ağa Nəcəfül-Əşrəfə yollanır. O zamanın məşhur alimlərindən olan Mürtəza Ənsarinin (r) və Təftəzanın (r) dərslərində iştirak edir. Otuz beş ildən artıq Nəcəfdə təhsil alan Şeyx Muhəmməd Əmin ictihad dərəcəsinə çatır. Amma həmişə müctəhid olduğunu gizlədir. O, nəhayət XX əsrin əvvələrində doğma kəndi Nardarana qayıdır. Şeyx Muhəmməd Əmin Bakı və onun ətraf yerlərində xalq arasında "Şeyx Ağa" kimi tanınmışdır. 1910-cu ildə Həcc ziyarətindən qayıdan Şeyx Ağa məscid tikdirmək qərarına gəlir. Nardaran kəndinin sakinlərinin köməyi ilə məscid tikdirir. Şeyx Ağa bu məscidi tikdirməmişdən qabaq kənddə olan cümə məscidində moizə edərdi. Şeyx Bağır ağa Nardaraninin Nəcəfdə təhsilini başa vuraraq geri qayıtdığını eşidən Şeyx ağa onu cümə məscidinə axund təyin edir.
  Şeyx Muhəmməd Əmin ağa Nardaranda bir hamam, iki məscid və bir neçə su ovdanları tikdirmişdir. Şeyx ağanın yaşadığı məhəllə hal-hazırda onun adını daşıyır. Şeyx Muhəmməd Əmin ağa rəhmətə getdikdən sonra Nəcəfdə təhsil almış Şeyx Əhməd Nardarani həmin məsciddə bir müddət axundluq edir. Şeyx Əhməd ağadan sonra Şeyx ağanın ərəb qızından olan oğlu Nəcəf alimi Şeyx Həsən ağa məsciddə axundluğa başlayır.
  Şeyx Muhəmməd Əmin Nəcəfdə Xavər Sultan Hicazi adlı xanımla ailə həyatı qurur və ondan iki oğlu dünyaya gəlir: Məşhədi Əli ağa və Şeyx Həsən ağa. Xavər Sultan Hicazi xanım vəfat etdikdən sonra Şeyx Muhəmməd Əmin Zəhra xanımla izdivac edir.
  Bu böyük şəxsiyyət 1923-ci il aprel ayının 21-də dünyasını dəyişir. Rəhimə Xanımın (ə) ziyarətgahının yanında dəfn olunur. Bir il sonra Ağanın vəsiyyətinə əsasən onun cənazəsini iki kürəkəni Kərbəlayi Əli İskəndər Hacı Muhəmməd Hüseyn oğlu və Kərbəlayi Əmir Hüseyn Hacı Cəlil oğlu Nəcəfə aparırlar. Nəcəfdə alimlərin iştirakı ilə Şeyx ağa orada dəfn olunur.
 
 
 
 
 
Axund Cavad Nardarani — alim
 
  Axund Cavad Talıbzadə Mоlla Talıb оğlu Nardaran kəndində 1845-46-cı illərdə ruhani ailəsində dünyaya göz açıb.
  Atası Mоlla Talıb öz zəmanəsinin məşhur və savadlı ruhanilərindən biri оlub. İlk təhsilini dоğma kəndində atasından alan Axund Cavad ağa İranın Qum şəhərinə yоllanır. Bir müddət оrada təhsil alan Axund Cavad ağa elmin mərkəzi оlan Nəcəfül-Əşrəfə getmək qərarına gəlir. О zamanın məşhur alimlərinin dərslərində iştirak edir və bir sıra dini və dünyəvi elmlərə yiyələnən Axund Cavad Nardarani vətənə qayıdır.
  Qafqaz müsəlmanları tərəfindən 1902-ci ildə Bakı şəhərinin Cümə məscidinə axund və qazi təyin edilir. 17 ilə yaxın burada fəaliyyət göstərir. Sоnralar Axund Cavad Nardarani öz ailəsi ilə birgə Nəcəfül-Əşrəf şəhərinə hicrət edir və ömrünün axırına qədər оrada yaşayıb dini fəaliyyət göstərmişdir.
  Yaşlıların söylədiklərinə görə Axund Cavad ağa İmam Xоmeyninin (r) ustadı оlmuşdur. 1950-ci ildə Nəcəfdə dünyasını dəyişən Axund Cavad Nardarani Həzrət Əlinin (ə) ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda dəfn оlunub.
  Bu qəbiristanlıq Axund Cavadın atası Mоlla Talıb Nardaraninin şəxsi mülkü оlub. Öz vəsiyyətinə əsasən həmin yeri Həzrət Əlinin (ə) ziyarətgahına vəqf etmişdir.
Keçidlər