Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci il

 
  Hesabat dövründə Sabunçu rayonunda sosial-iqtisadi sahələrdə inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
  Belə ki, 2017-ci il ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən istehsal edilmiş sənaye məhsullarının ümumi həcmi 2016-cı ildəkinə nisbətən 28.5 faiz artaraq 378.4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 62.2 faiz artaraq 182.4 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 2 dəfə artaraq 2 milyard 108 milyon manat təşkil etmişdir. İl ərzində rayonda 4397 yeni iş yeri açılmışdır.
  Rayon üzrə bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 7.7 faiz artaraq 485.1 manat, o cümlədən sənaye üzrə 8.6 faiz artaraq 607.6 manat olmuşdur. Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsi tərəfindən 31469 nəfər pensiyaçıya xidmət göstərilmiş, pensiyaların hər ay vaxtında ödənilməsi təmin edilmişdir. İş axtarmaq məqsədilə rayon Məşğulluq Mərkəzinə 3283 nəfər müraciət etmişdir ki, onlardan da 1358 nəfəri işlə təmin olunmuşdur.
  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li Qərarı ilə “Pilot layihə” çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətinə verilmiş əlavə vəzifə və tapşırıqların icrası 2017-ci il ərzində davam etdirilərək indiyədək xeyli işlər görülmüşdür. Beləki, Ramana qəsəbəsi, Bünyadov küçəsindəki 23 saylı qəzalı yaşayış evi sökülərək yerində yeni 10 mərtəbəli, 80 mənzilli, Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsindəki 39 və 39 A saylı binanın yerində isə hərəsində 61 mənzil olmaqla iki yeni 10 mərtəbəli müasir yaşayış binası tikilərək istifadəyə verilmişdir. Hazırda Bakıxanov qəsəbəsi, Mehmandarov 17,19  və Mədəniyyət küçəsi 28 ünvanlarında olan 2 və 3 mərtəbəli çoxmənzilli binalar sökülərək sakinlər kirayə mənzillərə yerləşdirilmiş, orada inşa edilən binaların tikintisi isə artıq yekunlaşmaq üzrədir. Bu binaların ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 12, Ərəblinski 14, 14a, 16, 18, 18a, Nazim İsmayılov 70, 72, 74 və Ramiz Qəmbərov 19 və 21 ünvanlarındakı istismar müddətini keçmiş və ümumilikdə 157 ailənin yaşadığı qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektlərinin sökülərək yerində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisinə də hazırlıq işləri görülür. Eyni zamanda Sabunçu qəsəbəsi, Xəstəxanayanı və Əsədullayev küçələrindəki köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və hazırda sənədləşdirmə işləri aparılır.
  2017-ci il ərzində rayon ərazisində bir sıra sosial obyektlərin tikintisi və ya təmiri işləri də davam etdirilmişdir. Bakıxanov qəsəbəsindəki 74 saylı orta məktəb əsaslı təmir edilib, idman zalı tikilərək 5 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Pirşağı qəsəbəsindəki 26 saylı uşaq bağçasının tikintisi, Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidən qurulması və əsaslı təmiri, Bakıxanov qəsəbəsindəki 105 saylı uşaq bağçasının əsaslı təmiri başa çatdırılmışdır və həmin obyektlər 1 mart və 11 sentyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Birinci-vitse Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir. Maştağa qəsəbəsindəki 9 saylı uşaq bağçasının tikintisi başa çatdırılmışdır və hazırda orada tamamlama işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayon İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsində müasir tipli mədrəsənin tikintisi davam etdirilir. Mədəniyyət Nazirliyi tərəfindən isə Nardaran Mədəniyyət evi, Muğam Mərkəzi və kitabxana binasının tikintisi başa çatdırılmışdır.
  2017-ci ildə rayon ərazisində abadlıq-quruculuq işləri davam etdirilmiş, yaşıllıqlar salınmış, yeni istirahət guşələri yaradılmışdır. Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına sahəsi 1.7 ha olan istirahət parkının yenidən qurularaq abadlaşdırılması işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Eyni zamanda Bakıxanov qəsəbəsi, Sülh küçəsi – 1A, 1B, 1V, 2/6, 14/1, 14/2, Axundov küçəsi, 13, 15, 17, 19, Vazeh küçəsi – 46, 50 , 52, Yavər Əliyev 22, 22a, 24, 26, 26a, Nazim İsmayılov 1, 3, 4, X.Xasməmmədov 5 ünvanlarında 14 nümunəvi həyətin salınması başa çatdırılmışdır. Çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində abadlıq işləri ilə yanaşı, həmin ərazilərdə 44.5 min kv.m asfalt örtüyü vurulmuş, 8300 metr səki daşı-bardür düzülmüş, hər həyətdə 9-10 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmış, onlarla günlük və oturacaqlar qoyulmuşdur. Bu və ya digər sahələrdə il ərzində 12330 kv.m yaşıl ot örtükləri salınaraq rayon üzrə yaşıl ot örtüklərinin ümumi sahəsi 82150 kv.m-ə çatdırılmışdır. Bundan əlavə 25 minə yaxın həmişəyaşıl ağac, kol və güllər əkilərək onlara gündəlik qulluq göstərilmişdir.
  2017-ci ildə “Azəravtoyol” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 285 min kv.m-ə yaxın yeni asfalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir.
  Ötən il ərzində rayonun mərkəzi və daxili küçə və yollarında, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə ciddi nöqsanlara yol verilməmişdir.
  Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş  olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır.
  Hesabat ili ərzində rayonun qəsəbələrində sakinlərlə mütəmadi səyyari görüşlər keçirilmiş və onları narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür. Maştağa qəsəbəsində keçirilmiş səyyar görüşdə sakinlərin xahişi nəzərə alınaraq qəsəbənin “Savalan” adlandırılan yeni yaşayış massivində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tərəfimizdən 960 şagird-yerlik məktəb binasının layihə-smeta sənədləri hazırlanaraq tikintisinə başlanmışdır.
  Zabrat qəsəbəsi və Abşeron rayonunun Məhəmmədi kəndi arasında böyük ərazidə yaranan göl uzun müddət idi ki, ətraf sahələrdə yerləşən fərdi yaşayış evləri və oradan keçən magistral avtomobil yolunu təhlükə qarşısında qoymuşdu və tez-tez subasma halları baş verirdi. Görülmüş tədbirlər nəticəsində həmin gölə yığılan suyun dənizə axıdılaraq səviyyəsinin xeyli aşağı salınması təmin edilmişdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə verdiyi tapşırığa əsasən hər ilin fevral ayından may ayınadək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi aksiyası təşkil olunur. Tapşırığın icrası ilə bağlı tərəfimizdən operativ tədbirlər görülmüş, rayon əhalisinin tibbi müayinədən keçirilməsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada təşkil edilmişdir. Həyata keçirilən bu tədbir çərçivəsində rayonun 10 yaşayış məntəqəsi üzrə nəzərdə tutulan 241210 nəfər əhalidən 175910 nəfərinin tibbi müayinədən keçməsi təmin edilmişdir. 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək 309 nəfər ambulator, 48 nəfər isə stasionar müalicəyə cəlb edilmişdir.
  Möhtərəm cənab prezident İlham Əliyevin 19 mart 2016-cı il tarixli tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində 15 noyabr 2017-ci il tarixdə Sabunçu Rayon Gənclər Evində 8-ci tur aksiyanın təntənəli açılış mərasimi keçirilmiş, 16-19 noyabr 2017-ci il tarixlərini əhatə edən növbəti 8-ci tur aksiyada məktəblilər 3 istiqamət üzrə ölkəmizin cənub bölgəsində - Lənkəran, Masallı və Astara rayonlarında olmuşlar. Nəticədə Noyabr ayının 18-də keçirilən rayonlararası intellektual bilik yarışında Sabunçu rayon məktəbliləri ən yüksək xalla 10 rayon arasında qalib çıxaraq kubok, medal və diplomlarla təltif olunmuşlar.
  İl ərzində rayon sakinlərinin müxtəlif problemlərlə bağlı müraciətləri də diqqətsiz qalmamış, qaldırılan məsələlərin həlli istiqamətində operativ tədbirlər görülməsi təmin edilmişdir.
  2017-ci il ərzində İcra Hakimiyyəti Aparatına ümumilikdə 7707 sənəd-ərizə və məktub daxil olmuşdur ki, bu da 2016-cı illə müqayisədə 2.3 faiz (171 sənəd) çoxdur. O da qeyd edilməlidir ki, 2017-ci il ərzində daxil olmuş, 5495 ərizə və şikayətlərin 2207-si və ya 40.2 faizi şəhərsalma və tikinti məsələləri ilə bağlı olmuşdur. Bu bənd üzrə qeyd olunan həmin ərizə və şikayətlərin 1987-si və ya 90 faizi fərdi yaşayış evlərinin tikintisi, əsasən də Ramana, Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı və digər qəsəbələrin inzibati ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Respublikanın müxtəlif bölgələrindən olan vətəndaşlar tərəfindən aparılan qanunsuz tikililərlə bağlıdır.
  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində fərdi qaydada 428 nəfər, keçirilmiş səyyari görüşlərdə isə 3600 nəfərdən çox vətəndaş qəbul edilmişdir. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməklik göstərilmiş, izahatlar verilmişdir.
  Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı soyqırımı”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz”, “Ramazan” bayramları, “Faşizm üzərində qələbə günü”, “Respublika günü”, “Milli Qurtuluş günü”, “Qurban bayramı”, Dövlət Müstəqilliyi günü”, “Dövlət Bayrağı günü”, “Konstitusiya günü”, “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və digər əlamətdar günlər münasibətilə rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir.
  Rayon İcra Hakimiyyəti 2017-ci il ərzində fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Keçidlər